17 saylı müəssisəsində inanclı şəxs fiziki və psixoloji təzyiqlərə məruz qaldığı bildirilir

17 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşayan siyasi məhbus kimi tanınan inanclı şəxs Mircəfər Hüseynzadənin fiziki və psixoloji təzyiqlərə məruz qaldığı bildirilir.
Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Xədicə Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, hadisə fevralın 26-da baş verib.
“Fevralın 26-da müəssisədəki inanclı məhbuslardan biri Mircəfərə yaxınlaşıb niyə oruc tutmadığını soruşub. Yoldaşım deyib ki, səhhətimdə problem var, bir böyrəyim yoxdur, digərində də problem var. Buna görə də oruc tuta bilmirəm, bundan sonra məhbusla arasında problemlər yaranmağa başlayıb. İnanclı məhbus yoldaşımın üzərinə qazanın qapağını atıb”, – deyə o bildirir.
“Soyuqda yoldaşım saatlarla çöldə bağlı qalıb”
Xədicə Hüseynzadə bildirib ki, bu hadisədən sonra müəssisə rəisinin müavini Emin Vəliyev həyat yoldaşını cəzalandırıb.
“Fevralın 27-də müəssisə rəisinin müavini səhər saat 9-dan axşam saat 9-a qədər soyuq havada, ac və susuz vəziyyətdə yoldaşımı dəmir barmaqlıqlara bağlayıb”, – deyə o bildirib.
Məhbusun həyat yoldaşı deyir ki, bu cür təzyiqlər sonrakı günlərdə də davam edib.