ABŞ-İran-İsrail münaqişəsi: Hədəflər nədir, mümkün ssenarilər hansılardır?

ABŞ və İsrailin İrana qarşı hücumları 4-cü gününə qədəm qoyur. 

Bu müddət ərzində İranda ali lider Seyid Əli Xamenei, Baş Qərargah rəisi və müdafiə naziri də daxil olmaqla xeyli sayda rəhbər şəxs, İranın Qırmızı Aypara Cəmiyyətinin rəqəmlərinə əsasən isə ümumilikdə 550-dən çox insan ölüb. 

İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına və İsrailə cavab zərbələri nəticəsində isə 40-dan çox amerikalının və 11 israillinin öldüyü bildirilir. İranın hədəf aldığı ABŞ müttəfiqlərindən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdə də ölümlər qeydə alınıb. 

ABŞ prezidenti Donald Tramp martın 2-də Ağ Evdə çıxışında bildirib ki, İranla müharibə planı əvvəlcə “dörd-beş həftəlik” nəzərdə tutulsa da, ABŞ ordusunun müharibəni “bundan da xeyli uzun müddət davam etdirmək qabiliyyəti var”.

Trampın bu və əvvəlki ciddi xəbərdarlıqlarına baxmayaraq, İran hakimiyyəti Xameneinin ölümündən sonra da geri çəkilməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanatında ABŞ və İsrailə qarşı ölkə tarixinin “ən sarsıdıcı hücumu”nu həyata keçirəcəyini bildirib. Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani isə İranın danışıqlara getməyəcəyini deyib. 

Trampın İrana hücumu anons etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırmasına baxmayaraq, ABŞ-nin hədəflərinin nə olduğu birmənalı deyil. Martın 2-də Ağ Evdə Trampla birlikdə brifinqdə iştirak edən müdafiə naziri Pit Heqset deyib ki, məqsəd rejim dəyişikliyi deyil, əvəzində İranın raket və nüvə sistemlərini və hərbi gəmilərini məhv etməkdir. 

Bu ilin əvvəlində Trampın əmri ilə Venesuela prezidenti Nikolas Maduronun ABŞ-yə gətirilməsindən sonra bu ölkədəki hakimiyyət Tramp administrasiyası ilə danışıqlara getmiş, ölkənin neft sektorunu ABŞ şirkətlərinə açmış və siyasi məhbus kimi tanınan şəxsləri azad etmişdi. 

Bəzi müşahidəçilər Xameneinin ölümündən sonra İranda da belə bir ssenari təxmin etsə də, hakimiyyətin bu ana qədərki davranışı bunu deməyə əsas vermir.