Kazimeyndə şəhadət mərasimi keçirilib

Kazimeyn şəhərində İmam Musa əl-Kazimin (ə) şəhadəti münasibətilə matəm mərasimləri böyük ehtiramla keçirilir.

Müqəddəs məkana ölkənin müxtəlif bölgələrindən və xaricdən minlərlə zəvvar axın edib, mərasimlər dərin hüzn və mənəvi ovqat şəraitində davam edir.

Xatırladaq ki, Rəcəb ayının 25-i yeddinci İmam, Həzrət Museyi Kazimin (ə) şəhadət günüdür.

Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (ə) olub.

İmam Museyi-Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Əbva adlı yerdə İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. İmamın həyatı iki hissəyə bölünür:

1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)

2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf edib. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib.

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlayib. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib. İmam hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Rəcəbin 25-də şəhid olub.