Həbsxana: Axirətə hazırlıq məktəbi

Bismillahir-rəhmanir-rəhim. Allahummə salli əla Məhəmmədin və Ali Məhəmməd.

Həbsxana sözü ilk baxışda vahiməli görünsə də, əslində insan üçün dərin düşüncə və islah imkanı yaradan bir imtahandır. Burada müxtəlif xarakterli insanlar var: cinayət törətmiş məhbuslar da, heç bir günahı olmadığı halda iftira ilə həbs edilən möminlər də. Onlar cəmiyyət üçün faydalı insanlardır, sadəcə zülmə məruz qalıblar.

Həbsxana — insanın ailəsindən, övladından və yaxınlarından illərlə ayrı qalması deməkdir; bu isə ağır bir sınaqdır. Lakin bu müvəqqəti ayrılığın içində bir hikmət var: əsl, əbədi ayrılığa – axirətə hazırlıq. Onsuz da hamı dünyadan ayrılacaq. Bu ayrılığı hiss etmək insana dünyanın faniliyini dərk etdirir.

Həbs edildiyim ilk gün kameraya salındığım an tam sükuta qərq oldum və özümü qəbirdə kimi hiss etdim. Əllərimi qaldırıb Rəbbimə dua etdim. Peyğəmbərimizin və Əhli-Beytin adını xatırladım. Həzrət Əlinin şiyəsi olduğumu düşündükcə aramlıq tapdım. İmam Museyi-Kazımın zindanını, İmam Hüseynin Kərbəladakı son anını göz önünə gətirdim və imanla gücləndim.

Haqq yolunda zülmə dözmək mənə şərəf verdi. Dünya nə qədər gözəl olsa da fanidir. Xoş olsun onu tanıyıb aldanmayanlara, imtahanlar içində fürsəti görənlərə, imanını möhkəmləndirənlərə.

Zindandakı möminlər hər yerdə Allahın yanındadır. Onlar zikr edirlər və uca Rəbbin mülkündədirlər. Allah bizə əbədi mülkündə yer versin. Amin.

Hörmətlə:
Kiçik zindandan – Vüsal Nadir oğlu