Suriya Ələvi liderindən sərt xəbərdarlıq: “Bizə toxunan hər hücumu alov kimi qarşılayacağıq”

Şeyx Qəzəl: “Haqlarımızdan geri çəkilməyəcəyik, susqunluq artıq bitdi”

Suriya və mühacirətdəki Ələvi icmasının ali dini qurumu olan Ali İslam Ələvi Şurasının rəhbəri Şeyx Qəzəl bildirib ki, icma öz əsas tələblərindən geri çəkilmək fikrində deyil. O deyib ki, istədikləri yalnız “haqq və ədalətin təmin olunmasıdır”.

Şeyx Qəzəl vurğulayıb ki, federasiya və siyasi mərkəzsizləşmə hüququ, qan tökülməsinin dayandırılması və minlərlə mülki və hərbi məhbusun azad olunması barədə mesaj artıq bütün tərəflərə çatdırılıb.

 

“Bu, sönməyəcək bir qığılcımın başlanğıcıdır”

Ələvi lider Suriya hökumət qüvvələrinin dünən bir neçə bölgədə etirazları zorakılıqla dağıtmasına toxunaraq bildirib ki, bu hadisə “təsadüfi yox, uzun illər davam edən susqunluğun sonu və yeni mərhələnin başlanğıcıdır”.

Onun sözlərinə görə, “dünən baş verənlər yeni bir qığılcım doğurdu və bu qığılcım sönməyəcək”.

“Ələvi toplumuna edilən istənilən hücuma səssiz qalmayacağıq. Biz buna dözməyəcəyik və sinə gərərək cavab verəcəyik.”

O əlavə edib ki, Ələvilərin mərkəzi siyasi-islamçı bir idarəçilik altında “kimliyinə görə qurban verilməsini” qəbul etmələri mümkün deyil.

 

Etirazlara qarşı zorakılıq və artan narahatlıq

Suriya İnsan Haqları Müşahidə Evinin məlumatına görə, Hums, Həma və sahil bölgələrində federasiya və məhbusların azadlığı tələbi ilə keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələri müdaxilə edib və bir neçə nəfər xəsarət alıb.

Bu hadisələr həm Suriyada, həm də mühacirətdə olan Ələvi icması arasında ciddi narahatlıq yaradıb və Şura tərəfindən dialoq çağırışlarını daha da gücləndirib.