Fərid İsmayılov: “Taksiyə pul verməməkdən ötrü piyada gedirdim, indi deyirlər qaçaqmalçısan”

“Toplum TV işi” üzrə həbs olunan jurnalist Fərid İsmayılovun məhkəmə çıxışının tam mətnini təqdim edirik.

Fəaliyyət

Cinayət işi 2019-2024-cü illəri əhatə edir. Bu səbəbdən bu illərdəki fəaliyyətim, “cinayət”lərim haqda danışmaq istəyirəm. 2019-cu ildə bakalavr təhsilimi başa vurub, Bakı Mühəndislik Universitetində magistratura təhsilinə başlamışam. 2021-ci ildə təhsilimi bitirib, həmin ilin iyulun 23-dən 2022-ci ilin iyulun 23-ə qədər Murov, Kəpəz, Ağ Uçuq, Suqovuşan, Goranboy, Yuxarı Ağcakənd qəsəbələri də daxil olmaqla müxtəlif ərazilərdə hərbi xidmət etmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2022-ci ilin 19 avqust tarixindən “Toplum TV” ilə əməkdaşlıq etmişəm. 

“Toplum TV”-də işim ictimai, siyasi, sosial mövzularda müsahibələr, sorğular, reportajlar hazırlamaq, fövqəladə hallar, aksiyalar, məhkəmələrdən yayımlar və korrupsiya və tender araşdırmaları etməkdən ibarət olub. “Toplum TV”-dəki təcrübəmdən bir neçə nümunə verəcəm:

Astarada körpü uçur, 14 kəndlə əlaqə itir. Bütün KİV-lər hadisəni işıqlandırır, mənsə körpünün niyə uçmasını araşdırıram. Bəlli olur ki, körpünün təmiri üçün ayrılan pullar “yoxa çıxıb”. 

Şabranın Leyti kəndində gənc ailələr məktəb olmadığı üçün kəndi tərk edir. Araşdırıram ki, prezident hələ 2019-cu ildə bu kənddə məktəb tikintisi ilə bağlı tapşırıq veribmiş. İl olub 2025, amma o kənddə hələ də məktəb yoxdur. 

Daşkəsənin Çovdar kəndi var, bu kənddə ət üzünə həsrət qalan kəndlilər var. Bu kənddən milyonlarla manat dəyərində qızıl çıxarılır, amma torpağın üstündə kəndlilər səfalət çəkir. 

Qubanın Cek, Qrız, Xınalıq və onlarla başqa kəndində azyaşlılar ailələrinə dəstək olmaq üçün yayda çay otları yığıb satırlar, qışda “balaca” çobanlıq edirlər. 

Lənkəranın Təngivan, Lerikin Peştətük kəndləri var. Bu kəndlərin əsas çayları monopolistlər tərəfindən qurudulur. Araşdırıram, bəlli olur ki, bunu edənlər hökumətə yaxınlığı olan şəxslərdir. 

Mən həm də müsahibələrimlə tanınan jurnalistəm. Bəzən aldığım müsahibələr gündəm olur, günlərlə müzakirə olunurdu. Bəzən də suallarımdan qaçırdılar. Təbii ki rəsmilər. 

Ombudsmanla müsahibəmdə o, ölkədə siyasi və vicdan məhbuslarının olmadığını demişdi. 

Bahar Muradova “Abzas Media”nın qadın jurnalistləri üçün ədalətli məhkəmə olacağına inamını bildirmişdi. Sonda Sevinc Vaqifqızı 9 il həbs cəzası aldı. 

Allahşükür Paşazadə ölkədə inanclı şəxslərin təqib edilmədiyini demişdi. 

Rövnəq Abdullayev mülkləri ilə bağlı heç nə deməmişdi, qaçmışdı. 

Onlarla belə nümunə çəkə bilərəm. 

Qısası, mənim mikrofonum, kameram sualım olan hər kəsə etik çərçivədə tuşlanırdı. Mən bu müsahibələri hazırlayıb, işləyib yayırdım. Amma bəzən də sosial mediada, KİV-lərdə tənqid olunurdum. 

Dövlət başçısının 2024-cü ildə parlamentdə çıxışı zamanı 10-a yaxın deputatın yatmasını birinci mən aşkarlayıb yayıram, amma bu deputatlar utanmaq yerinə məni hədəfə alan açıqlamalar verirlər. Elə bil yatan mən olmuşam. 

Mən həm də həbs olunan jurnalistlərin müdafiəsi ilə məşğul olmuşam. Onların müdafiəsi ilə bağlı yerli və xarici KİV-lərdə çıxış etmişəm. Yəni, məm həm də dostlarımın, həmkarlarımın müdafiəsinə görə həbs olunmuşam. 

Bu sadaladığım işləri görmək ölkəmizdə cinayət sayıldığı üçün bu gün mən buradayam. Bu işləri görməyə məni kimsə məcbur etməyib. Bu işləri görərkən mənim vicdanım rahatlayırdı. Bəzən ucqar kəndlərə getmək yolsuzluğa görə problem olurdu, 50-60 manat taksiyə pul verməkdənsə, piyada gedirdim. İndi isə 1 milyonluq qaçaqmalçılıq edən jurnalist kimi təqsirləndirirlər məni. 

1-ci həbs 

“Abzas Media” kollektivi 2023-cü ildə həbs olunanda sıranın “Toplum TV” ilə davam edəcəyi heç kəsə sirr deyildi. Bəzən həmkarlarım zarafatla soruşurdular ki, sizi nə vaxt tutacaqlar? Hər gün hökumət mediasında haqqımızda qaralama kampaniyası gedir, ofisimizin önündən reportajlar hazırlanır, rəsmilər bizi “casus” olmaqda ittiham edirdilər. 

2024-cü il 6 mart tarixində ofisə basqın edildi. Mən də daxil 23 nəfər saxlanıldı, əksəriyyəti təlimə gələn iştirakçılar idi, mən də tanımırdım. Telefonlarımız əllərimizdən alındı, vəkillərə, redaktorlara məlumat verilmədi. Əllərim rezinlə bağlanıldı və ayrı otaqda saxlanıldım. 

Oradan 7 nəfərlə birlikdə əslində təhvil verdiyim, müqaviləni yeniləmədiyim kirayə mənzilə gətirildim. Videoçəkiliş, qonşum olan vəkil Bəhruz Bayramovun, müqavilə əsasında vəkilim Zibeydə Sadıqovanın gətirilməsi və başqa tələblərimə imkan verilmədi. Özlərilə gətirdikləri 3100 avronu mənə məxsus olmayan gödəkçədə “aşkar etdilər”, protokollara qeydlər etməyimə imkan vermədilər. 

Həmin vaxt üzərimdə olan 1000 tengi (təxminən 2 ABŞ dolları) və 160 AZN ittiham aktında yer almayıb. Avronun rəsmiləşdirilib, tenginin, manatın rəsmiləşdirilməməsi hər şeyi aydın göstərir. 

Sonra Bakı Şəhər Baş Polis İdarəsinə gətirildim. Bədənimdə dəmir tikişləri görə-görə əllərimi rezinlə bağlayıb, saatlarla saxlayıblar. TƏBİB-ə sorğu verin, sənədlərə baxın, 2 ildir ağciyərimdəki metallarla yaşayıram. Bütün bunlara rəğmən, vermədikləri işgəncə qalmadı. Səbəb vəkilim Zibeydə Sadıqovadan imtina etməməyim və oxumadığım sənədlərə qol çəkməməyim idi. Bəxtim gətirib ki, vəkillər məni tapa bilib. 

Xətai rayon Müvəqqəti Saxlama Yerində tanımadığım, özünü DİN əməkdaşı kimi təqdim edən şəxslər mənimlə “söhbət”ə gəldilər. Onlara vəkilsiz hər hansı “söhbət”in baş tutmayacağını bildirdim. Suallarının cavabını onsuz da bilmirdim. Mənə Akif Qurbanovun telefon və sosial media hesabı şifrələri, maliyyə və dost əlaqələri heç vaxt maraqlı olmayıb. 

2024-cü ilin 8 mart tarixində polis nəzarətinə buraxıldım. Ertəsi gündən başlayaraq şikayətlər etdim. Prokurorluq 6 aydan sonra hərəkətə keçdi ki, qandal, rezin, sillə izlərini aşkarlasın. Jurnalistlərin üzünə dayanmaq üçün anında sıraya dururlar. Çünki abır, əxlaq hisslərini unudublar, təkcə vəzifə öhdəliklərini deyil. 

“COP” 

Redaksiyamız bağlanandan sonra depressiyaya düşdüm. Heç bir redaksiya ilə əməkdaşlıq edə bilmirdim, çünki “qaçaqmalçı” jurnalist hər bir redaksiya üçün problem idi. 

Aprel ayının sonunda məlumat aldım ki, “Toplum TV” fəaliyyətini bərpa edir. Yenidən əməkdaşlığa başladım. Həm işimə davam etdim, həm də həbs edilmiş yoldaşlarımın müdafiəsinə başladım. 

Bir gün xəbər aldım ki, COP29 tədbirində jurnalistlərin qeydiyyatı başlayıb. Müraciət etdim və BMT mənim qeydiyyatımı təsdiqlədi. 

Bu tədbirdən 20-dən çox reportaj, müsahibə hazırladım, etirazları işıqlandırdım. Tədbir ərazisində ətrafımda mülki geyimli şəxslər dolaşırdı ki, onların əksəriyyətini tanıyırdım. Onlar BŞBPİ-nin əməkdaşları idi. 

Tədbirin 2-ci günündə prezidentin köməkçisi Hikmət Hacıyevi gördüm, müsahibə xahiş etdim və o, razılaşdı. Sualım bu idi ki, jurnalistlərin həbsi səbəbilə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanda təmsil olunmaqdan imtina edərək COP29-u boykot ediblər, sizin cavabınız nədir buna? Hacıyev cavabında təqsirsizlik prezumpsiyasını pozdu, növbəti sualım da artıq gec idi və jurnalistlərin həbsinin siyasi sifariş olduğu bəlli idi. 

Müsahibəni yayımladım, Hacıyev yerli və xarici KİV-lərdə tənqid olundu. Vəkil dostlarımdan biri zəng edib uğurlu müsahibəyə görə təbrik etdi və dedi ki, hazırlaşım “Kürdəxanı”ya. Zarafatla dedim ki, anlaqsız vəziyyətdə idim. Sual vermək cinayətdirsə, indi də deyirəm, anlaqsız olmuşam. 

Tədbirdən sonra yerli KİV-lərin jurnalistlərinə “Təşəkkürnamə”lər verildi, mənə isə 2 ay 20 gün həbs qətimkan tədbiri. 

COP ərəfəsində mən SOCAR-ın danimarkalı jurnalistləri oğurlamasına imkan verməmişəm. Mən həm də buna görə cəzalandırılmışam. 

2-ci həbs 

Yanvarın 17-də səs-küyə yuxudan ayıldım. Yatağıma maskalı şəxs tullanıb, əllərimi bağladı. Üzərimdə oturub, hərəkət etməyimə imkan vermədi. Təxminən 10 polis evi axtardı. İlk öncə elə başa düşmüşdüm ki, evə oğurluğa giriblər, polis yazısını görəndə rahatlamışdım. Yenə hüquq yox, qanun yox, əvəzində polis yazılı banditlər var idi. 

Məni BŞBPİ-yə, sonra Xətai Rayon Məhkəməsinə, sonra Bakı İstintaq Təcridxanasına gətirdilər və mən 10 aydır girov saxlanılıram. İndiyədək məndən ittihamla bağlı heç nə soruşulmayıb, sübut təqdim olunmayıb. Ancaq deyilib ki, niyə sakit durmursan? Yəni etiraf edirlər ki, 55 kiloqram çəkili gəncin suallarından qorxurlar. 

İttihamlar 

Dövlət Gömrük Komitəsi mənimlə bağlı bəyannamələri istintaqa təhvil verib. Qeyd olunur ki, məndə pul və ya qiymətli əşya olmayıb. Bəs qaçaqmalçılığı nə ilə əsaslandırırlar? Yoxdur. 

Mərkəzi Bank sənəd təqdim edib ki, heç vaxt valyuta mübadiləsi etməmişəm və hesablarıma pul köçürülməyib. Bəs “çirkli pul”u necə yumuşam? Yoxdur 

49 şahid ifadə verib. Əksəriyyəti məni tanıyır, jurnalist olduğumu bildirirlər. Həmçinin, hər biri deyir ki, mən kimisə işə götürməmişəm, sıravi müxbir olmuşam. Bəs qanunsuz sahibkarlığı necə etmişəm? O da yoxdur. 

Ancaq yazılır ki, Fərid İsmayılovla Akif Qurbanovun yaxın əlaqəsi var. Səlim Müslümovun məhkəmələrini işıqlandırmışam. Deyək ki, A.Qurbanov cinayət törədib. S.Müslümovun əlaqəsi olan nazirlər həbs olunmamışdı. Bəs A.Qurbanovun əlaqəsi olanlar niyə həbs olunsun?

Araşdırmalarımla onlarla məmur və deputatın qanunsuz əməllərini işıqlandırmışam. Heç biri məsuliyyətə cəlb olunmur. Qanun deputata sahibkarlıq etməyi qadağan edir, heç biri həbs olunmur. Hökumətyönlü KİV-lər (məsələn, “İki Sahil”) vergini vaxtlı-vaxtında ödəmir, amma məsuliyyətə cəlb edilmir. Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsindən pul yumasını sübut edirəm, onlar da cinayət işi ilə sorğulanmır. Əvəzində bu cinayətləri ortaya çıxaran jurnalist həbs olunur. 

Mən Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Milli Məclislə əməkdaşlıq etmişəm. Çağırın, cavab versinlər, hara baxırdılar? Eləcə də Dövlət Gömrük Komitəsinin sədri. Cavab verməkdənsə, medal alır. 

Yekun 

İstintaq mənimlə bağlı yeganə “dəlil” kimi 3100 avronu əsas gətirir. Deyək ki, mənimdir. Bir insanın evində 3100 avro pulun olması niyə cinayət sayılmalıdır? Dövlət büdcəsinin pulları mənim evimdə yuyulmur. Prokurorluğun əvəzinə işləmişəm, tapmışam ki, Vüsal Kərimlinin mənzilində yuyulur. Gedib tuta bilirlərsə, tutsunlar. 

İttiham aktı söz yığınından başqa şey deyil. Dostumun itinə bir dəfə səhvən pişik yemi almışdım. Yemədi, anladı ki, it yemi deyil. Amma mənim cinayət işimdə metro kartını bank kartı kimi yazıblar. Budur bu adamların savadı, şüuru? 

Famil Xəlilovun üzünə duranlar utanmırdı, indi mənim üzümə duranlar da utanmır. Yaxşı olardı ki, bunu necə bacardıqlarını açıqlasınlar. 

Bu adamlar bizim üzümüzə baxa, suallarımızı cavablandıra bilmirlər, Allaha necə cavab verəcəklər? Təsəvvür edin, məhkəmədən çıxıb evə gedirlər, övladlarına mənəviyyatdan, əxlaqdan danışırlar. O uşaqlar bir gün utanacaqlar ki, atamız üzədurandır. 

Suallara gəldikdə, 2000-ci ilin əvvəlində korrupsiya haqqında qanun qəbul olunub. İndiyədək bu adamlar bu qanunu işlətməyə cəsarət tapmayıblar, indi məni sorğulamaq istəyirlər? Gedib metro kartını bank kartından ayırmağı öyrənsinlər. 

Yeganə “cinayət”im dostlarımı tək qoymamaq, bu ölkədə jurnalistika ilə məşğul olmaqdır. Buna görə də təəssüflənmirəm. 

Müqayisə 

Bu yaxınlarda Bakı İstintaq Təcridxanasında doğum günümü qeyd etdim. Onlarla təbrik, müxtəlif hədiyyələr qəbul etdim. Sevindirici idi. Həm də maraqlı. Sizə maraqlı deyil ki, bir “cinayətkar”a niyə bu qədər diqqət var? 

Müqayisə üçün, Ramiz Mehdiyev evindədir, “Sputnik”in baş redaktoru azadlığa buraxılaraq həbs qətimkan tədbiri ləğv olundu. Bu yaxınlarda oxudum ki, qızıl külçə qaçaqmalçılığı edənlər də şərti cəza alıblar. Bəs mən? Putin tapşırsın ki, mən də növbəti doğum günümü azadlıqda keçirim? 

Digər bir tərəfdən, 27 yaşım var, hələ də “Ozmo” yeyirəm. Siz “Ozmo” yeyən “cinayətkar” görmüsünüz?