AŞPA Azərbaycanda repressiyaların güclənməsinə dair müzakirə keçirib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda repressiyaların güclənməsi: Demokratik azadlıqların və parlament hüquqlarının zəifləməsi” mövzusunda müzakirələr keçirib.

Noyabrın 29-da Lüksemburqda bir araya gələn AŞPA-nın Daimi Komitəsinin üzvləri Azərbaycanın bu ilin yanvar ayında Assambleyadakı səlahiyyətlərinin dondurulmasından sonra ölkədə insan hüquqlarının vəziyyətinin daha da pisləşdiyini vurğulayıblar.

“Repressiyaların güclənməsi fonunda Azərbaycanın Avropa Şurasının prinsiplərinə sadiqliyini şübhə altına almaq legitimdir. Azərbaycanın öz vətəndaşlarının hüquqlarını qorumaq və hörmət etmək öhdəliyi var”, lüksemburqlu deputat Qusti Qraas debatın açılış nitqində deyib.

Azərbaycanda insan haqlarının vəziyyətinin qeyri-müəyyən olduğunu və pisləşdiyini qeyd edən Qusti Qraas ifadə və toplaşmaq kimi əsas azadlıqlara qarşı sistemli repressiyaların həyata keçirildiyini deyib.

Müzakirə zamanı Azərbaycanda siyasi motivlərlə həbsdə olan çoxsaylı jurnalist, fəal və hüquq müdafiəçilərinin, o cümlədən akademik Qubad İbadoğlunun və 2014-cü il Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin işləri qeyd edilib.

Yanvar ayında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən 76 Assambleya üzvünün rəsmi Bakı tərəfindən “arzuolunmaz şəxs” elan edilməsi yenidən pislənilib və bunun dialoqu əngəlləyən əsas faktorlardan biri olduğu vurğulanıb.

AŞPA deputatları Azərbaycanın nümayəndə heyəti ilə bağlı məsələyə 2025-ci ilin yanvar ayında yenidən baxılacağı, Azərbaycan hakimiyyətinin növbəti həftələrdə dialoqun və əməkdaşlığın bərpası üçün əməli addımlar atmalı olduğunu bildirib.

AŞPA-da daha əvvəl oktyabrın 1-də keçirilən müzakirələrdə Azərbaycan hökuməti insan hüquqları pozuntularına, AŞPA ilə münasibətlərin gərginləşdirilməsinə görə tənqid hədəfi olub.

Parlament Assambleyasının müzakirədə çıxış edən üzvlərinin əksəriyyəti, o cümlədən iki ən böyük siyasi qrup - Sosialistlər, Demokratlar, Yaşıllar (SOC) və Avropa Xalq Partiyası (EPP) Azərbaycan hakimiyyətini insan hüquqları və demokratiyanın vəziyyətinə, siyasi təqiblərə və AŞPA ilə münasibətlərdə atdığı addımlara görə tənqid edib.

AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

 

 

AmerikanınSəsi