Almaniya polisi Hamburq İslam Mərkəzinə yenidən hücum edib

Almaniya Daxili İşlər Nazirliyi Hamburq İslam Mərkəzinə qarşı əsassız iddia və ittihamların davamı olaraq bu islami qurumun fəaliyyətini qadağan edib.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Alman polisi bu gün (çərşənbə axşamı) səhər saatlarında bu binaya basqın edərək onun əmlakını müsadirə edib. Məlumatlı mənbənin sözlərinə görə, bu xəbər yayılan vaxt polis əməkdaşları İslam Mərkəzinin rəhbərinin evində olub.

Almaniya Daxili İşlər Nazirliyi iddia edir ki, Hamburq İslam Mərkəzi ifrat islamçılıq məqsədlərini güdür. Nazirliyin açıqlamasında deyilir ki, çərşənbə günü Almaniyanın səkkiz əyalətində məhkəmə qərarı ilə təşkilatın 53 binasında axtarış aparılıb.

Almaniyanın ən qədim məscidlərindən birini ehtiva edən və firuzəyi rəngli xarici görünüşü ilə məşhur olan Hamburq İslam Mərkəzinin Frankfurt, Münhen və Berlindəki filiallarına da qadağa qoyulub. Almaniyanın bu addımı nəticəsində 4 şiə məscidi bağlanacaq.

Alman polisi ötən ilin noyabrında Hamburq İslam Mərkəzinə Hizbullahın fəaliyyətinə dəstək verməsi bəhanəsi ilə basqın etmişdi. Ölkənin kəşfiyyat təşkilatı o zaman iddia edirdi ki, bu mərkəzin bəzi məscidlər və digər qruplaşmalar üzərində tam təsiri və ya nəzarəti var. Alman kəşfiyyat agentliyinin məlumatına görə, onlar tez-tez "açıq antisemit və anti-İsrail münasibətini" dəstəkləyirlər.

Hamburq İslam Mərkəzi hər zaman zorakılığın və ekstremizmin istənilən formasını pislədiyini, sülhü, tolerantlığı və dinlər arasında dialoqu daim dəstəklədiyini vurğulayıb.