Qan yağan məhbəs divarları

Haqsızlığa hayqırtı son, bütün varlığı ilə etiraz yaradacaq kütləni təlatümə gətirməyəcəyi halda beləcə can qurbanları verməyə məcburuq. Günahsız insanların həbs etirazlarına məhəl qoyulmadan məsumların addımları növbəti ömür kitabını qapadır. Bir ana fəryad içində həbsxana divarları arasında günahsızlığını ölümü ilə qarşılayan övladının çağırışına hıcqırınca qanunları hakimiyyət ömrünü artırmaq üçün vasitə edən rejim bundan əsla narahat olmur.
Dünən saxta ittihamların altında aclıq etirazı ilə can verən Qarabağ qazisi Səbuhi Səlimov, bu gün isə ağzını tikərək günahsızlığını lal ölümlə göstərməyə çalışan Şaiq Kazımov. Ölkədə qanunların işləməməsi, haqsızlığın tüğyanı hələ nə qədər can almalıdır ki, hakimiyyət zülm və sitəmdən çəkinsin? Bu işgəncə hara qədər sürməlidir ki, biz bu vəhşiliklərə DUR deyək?!
Sifarişli saxlanılan Qübad İbadoğlunun vəziyyəti pisləşib. Durumu onu hər an ölümlə baş-başa qoya bilər. Onun da hicab məhbusu Vaqif Abdullayev kimi cənazəsinə həbsxana divarları şahidlik etməlidirmi? Hal-hazırda öz qanunsuz saxlanılmasına haqlı irad olaraq siyasi fəal Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb. Ölkənin aclıq mənzərəsinə laqeyd durumu hakimiyyətin növbəti dəfə sükutla qarşılayacağı bir səhnənin arxasında haqsızlığa baş əymədən öz mübarizə ruhunu qoymuş cəsur və eyni halda bütünlükdə həyat-ölüm mücadiləsi aparan bir insan taleyi dayanır.
Unutmayaq, bizim haqsızlıqlara laqeyd və susqun duruşumuz onların bu işdə daha sərt və amansızlıq amilidir. Məlum deyil ki, sabah haqsızlıq məngənəsində inləyən bu günün günahsız qurbanlarının yerində bizlərdən kimisə olmayacaq. Əmin olun ki, bizlər susduqca zülmün ərşə dirəndiyi bir ölkədə hər şey ola bilər.