Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Strasburqda "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu imzalayıb.
Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, imzalanma Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.
Qeyd edək ki, "Ekstradisiya haqqında" Avropa Konvensiyası 50 ölkə tərəfindən ratifikasiya edilib.
Azərbaycanda Konvensiya 2002-ci ildə qüvvəyə minib. Bu sənəd tərəfləri cinayət işi çərçivəsində və ya bir hökmün icrası üçün axtarışda olan şəxsləri bir-birlərinə verməyə məcbur edir.
Konvensiyanın siyasi və ya hərbi cinayətlərə şamil edilmədiyi qeyd olunur. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan hər bir ölkə vətəndaşlarını xarici dövlətə təhvil verməkdən imtina edə bilər.
Azərbaycanın imzaladığı protokolda Konvensiyanın müasir dünyanın ehtiyaclarına uyğunlaşdırılması üçün bir sıra müddəalara dəyişiklik və əlavələr var. Bu protokolun müddəalarına köhnəlmə müddəti, ekstradisiya müraciəti və onu müşayiət edən sənədlər, konkretlik qaydası, tranzit, üçüncü dövlətə verilmə, habelə rabitə kanalları və vasitələri kimi məsələlər daxildir.
Azərbaycan "Ekstradisiya haqqında" protokolu imzalayıb
Oxşar xəbərlər