“Bu dəfə aclıq aksiyasına başqa məhbuslar da qoşulacaq”

Jurnalistin mühacirətdə olan xanımı Leyla Mustafayeva onunla telefonla danışıb. 
 
Bu barədə o, feysbuk sosial şəbəkəsindəki profilində bu barədə məlumat paylaşan Leyla Mustafayeva qeyd edib ki, Əfqan Muxtarlı aclıq aksiyasının üçüncü günü gözündə kəskin ağrılar başladığından aclığı dayandırmaq məcburiyyətində qalıb.
 
"Ağrıları hələ də keçməyib. Təcili müayinəyə ehtiyacı var”, - Leyla Mustafayeva yazıb.
 
Bundan başqa onun sözlərinə görə, Əfqan Muxtarlı vəkili Nemət Kərimliyə qarşı təzyiqlərin araşdırılmasını Ədliyyə Nazirliyinin üzərinə götürməsini istəyib:
 
"Əfqan dedi ki, araşdırmalar yekunlaşanadək 16 saylı CÇM-nin rəisi Şəfayət Abbasov və Emin Eminəliyev vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki həbsxanada olan məhbuslardan məcburi şəkildə Nemət Kərimliyə qarşı ifadə alırlar. Məhbuslardan ancaq biri ifadəni imzalamaqdan imtina edib. Eyni zamanda, o söylədi ki, Penitensiar Xidmət Nemət Kərimli ilə bağlı şikayət etməzdən əvvəl Vəkillər Assosiasiyasının rəhbəri Anar Bağırov vəkillə bağlı hədələyici açıqlamalar verib. Əfqan hesab edir ki, Vəkillər Kollegiyası və Penitensiar Xidmət Nemət Kərimli haqda əvvəlcədən planlaşdırılmış təxribat hazırlayıblar. Məqsəd Nemət Kərimlini Vəkillər Kollegiyasından və onun müdafiəsindən uzaqlaşdırmaqdır. Nemət Kərimli 2018-ci ildə məhz onu müdafiə etdiyinə görə kollegiyadan 1 illik uzaqlaşdırılmışdı”.
 
Jurnalist vəkilinə qarşı özbaşınalıqlara son qoyulmasa, yenidən aclıq aksiyasına başlayacağını bəyan edib:
 
"Bu dəfə aclıq aksiyasına başqa məhbuslar da qoşulacaq”.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə şöbənin rəisi Mehman Sadıqov Meydan TV-yə məhbus jurnalistin dediklərinin doğru olmadığını bildirib:
 
"Bu, mümkün deyil. Çünki vəkil Nemət Kərimli həmin Cəzaçəkmə Müəssisəsində yalnız Əfqan Muxtralının vəkilidir. Başqa məhkumların ona aidiyyatı yoxdursa, onlardan vəkilə qarşı necə ifadə almaq olar?”.
 
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.
 
Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.