Nigeriyada silahlılar 11 mülki şəxsi qətlə yetirib, 80 nəfəri qaçırıblar

Nigeriyada silahlı şəxslər ölkənin şimal-qərbində həyata keçirdiyi ayrı-ayrı hücumlarda ən azı 80 nəfəri qaçırıb və 11 nəfəri öldürüblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin şimal-qərbində Zamfara əyalətində qəbilə başçıları və yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, pul almaq müqabilində adam oğurluğu ilə məşğul olan silahlı dəstələrin yayılmasından ən çox təsirlənən ərazilərdən biri də Zamfara əyalətidir. Gələn fevralda keçiriləcək prezident seçkiləri ərəfəsində burada təhlükə daha da artmaqdadır.

Məlumata görə, əyalətin Bokoyom rayonunun ucqar Maso kəndində həlak olan 11 nəfərin ailələri ki, əksəriyyəti qadınlardan ibarətdir naməlum istiqamətdə qaçırılıblar.

Həyat yoldaşı oğurlananlar arasında olan İsmayıl Jinjiri deyib ki, silahlı şəxslər bazar ertəsi səhər tezdən onun kəndinə basqın edib və onlarla qadın və bəzi kişiləri meşə istiqamətində qaçırıblar.

"50-dən çox evli qadın naməlum sayda günahsız fermerlərlə birlikdə qaçırıldı", deyə yerli rəsmilərdən Sarkin Foa Masu, Reuters-ə açıqlama verib.