Məzlum və məsum göz yaşları

Bir zamanlar Azərbaycanı beynəlxalq aləmdə nefti-qazı ilə tanıyırdılarsa, təəssüf ki, son dövrlər ancaq və ancaq kütləvi həbs olunanlarla xatırlanırıq. Əlbəttə, neft və ya qazla tanınmaq özü də qəhrəmanlarından elm adamlarına qədər bir çox sahələri əhatə edən insan resursu olan ölkə üçün utancvericidir. Lakin bu günahsız məhbusların hər ötən gün artan sayı qədər rəzalət sayıla bilməz.

Həbslərin səbəblərinə istənilən haqlılıq donu geydirilməyə çalışılsa da, hakimiyyət heç bir halda bunun həqiqətini artıq ört-basır edə bilmir. Bu təkcə beynəlxalq tribunalarda olanların yox, heç dağ başında əyləşən sıravı azərbaycanlı üçün də inandırıcı deyil. Yalanlar, xalqa verilən gələcəyin gözəl ümid vədələri kimi sürətli ifşasını yaşayır, baxmayaraq ki, rejim bütün bunları anlasa da, həbsləri davam etdirməkdə israrlıdır.

İşin ən ağrılı tərəfi isə bütün bu iddiaların, həbslərin elə ilk anından qurama olduğunu bilən və öz varlığı kimi övladını tanıyıb onun bütün bu ittihamlarda əsla müqəssir olmadığını bilən anaların yaşadığı acıdır. O, övladının saxta ittihamlarla həbs olunduğuna özü kimi əmindir. Digər təfərdən polisindən məhkəməsinə qədər saxta məzhəkələrin yalan dolu ifadələri və sonunda günahsız balasının həbs qərarını o, bir ürək ağrısı ilə dinləyir.

Paralel olaraq bütün həyatını qurban verib həqiqətən də dəyərli övlad yetişdirən ananın gözü önündə övladının həbsə məhkum və məhrumiyyət dolu həyatına vurulan möhür onun ruhunda fəryad qoparır. Qarşısında atalarının həbsini göz yaşları ilə müşayiət edən nəvələri, yanında hələ ailə həyatının gözəlliyini dolu-dolu yaşamayan gəlini və arxasında qolunda qandallar günahsız övladını həbsxana divarları arxasında qoyaraq oranı tərk edən ana zülmün zirvəsində irəliləyir.

Onun sonrakı həyatının hansı məşəqqət içində sürəcəyi sızıldayan vicdanlarda və heç kəsin onu görməyəcəyi tənhalıqda axıtdığı göz yaşlarında təsəvvür etmək həqiqətən də çox çətindir. Son dövrlər övlad acısı ilə qorxunc xərçəng xəstəliyinə tutulan, ürək çatışmamazlığı və sair bu kimi bir çox acılarla son dəfə övladını görmək üçün gözləri qapılara dikilib can verən neçə ananın həsrət baxışları həbsləri həyata keçirən, günahsız insanların şərləməsində rolu olan hər bir fərdin vicdanındadır.

Şübhəsiz bütün bu acılar bəndənin cavab gücünün xaricində olsa da, Rəbbin qüdrət sərhədlərindən kənar deyil. Anaların ahı ağrıların ən acısıdır ki, mütləq bir gün sahibinin sorağına gələcək.

 

- T.T.Tv