“Müəllifin Cəfər Cabbarlı olması əxlaqsızlığa haqq qazandırmaz”

Ənənəvi cümə namazları icra edən ilahiyyatçı Hacı Şəhədat Heydərov bu həftə də silsilə cümə söhbətlərini davam etdirib. “İmam Ümmət” məscidində moizə oxuyan ruhaninin bu həftəki söhbətinin əsas mövzusu təqva üzərində qurulub. İmam Əlinin (ə) hədislərindən birini şərh edən Hacı Şəhadət təqvanın insan həyatında nə qədər böyük rola malik olduğuna diqqət çəkib: “İlk öncə bunu bildirim ki, təqva Allahdan qorxmaq kimi bir mənanı bildirmir. Təqva insanın öz varlığını qorumaq, daha sağlam, ağrısız və dəyərli həyatı əldə etmək və inkişaf etdirmək kimi fikri əhatə edir.

Din insan həyatı üçün təqvanı həlledici məsələ hesab edir. Quran bu mövzunun əhəmiyyətin göstərmək üçün müxtəlif ayələrdə buna diqqət çəkir. O, əməllərin qəbulunu təqvaya bağlayaraq hətta – “Ədalətli olun ki, bu təqvaya daha yaxındır”- söyləməklə Mütəal-Allah təqvanın hansı üstünlüyə malik olduğunu bildirir.

Təqva insan həyatının bütün sahələrində işləkdir. Yanlışlıq olaraq onu təkcə ibadətlə məhdudlaşdırmaq doğru deyil. Cəmiyyətin nizamını belə formalaşdıran təqva insani yaşam cəmiyyətində sağlam bir mühit, cinsi, əxlaqi pozucu təhriklərdən uzaq bir ortamın qurulmasını öz üzərinə götürür. Çox təəssüf ki, bəzi neqativ hallar qeyd edilən təqvanın varlığına qarşı hədəflənən planlı addım olaraq son günlər çoxşaxəli təsirlər yaratmağa davamlıdır. Üzücüsü isə bunu kamuflyaj edərək müxtəlif adlar altında insanlara sıramaqla onlarda pozuculuğa cəhdlər intensiv hal alıb.

Bu günlər Cəfər Cabbarlının ssenarisi əsasında lentə alınan “Vətəndaş A” serialında cinsi düşüncələrin cəmiyyətdə təbliğinin nə qədər lazımlı və gözəl olduğunun təbliği də eyni qütbün məhsuludur. İlk öncə bilməmiz lazım olan məsələ budur ki, heç kəs, Cəfər Cabbarlı da daxil xalqın əxlaqına yönəli addımı şəxsin nüfuzuna görə müsbət qarşılana bilməz. Bir addım mənfidirsə, cəmiyyətin mənəvi hüzurunu pozursa mütləq tənqid olunmalı və qarşısı alınmalıdır. Bu gün bu tip addımlar böyük adlar arxasında gizlədilərək cəmiyyətin təqva sərhədlərini pozma missiyasını daşıyır.”

İlahiyyatçı təqvanın məsuliyyəti, onun əhəmiyyətini hədəfə alanların son dövrlər sürətli olaraq təqvaya qarşılıq qoymaqla digər məsələnin önə çəkilməsinə də vurğu edib: “Bəziləri təqva məsuliyyətindən yaxa qurtarmaq üçün digər məsələlərin icra edilməsini qabartmağa çalışaraq güya bu işdə özlərini sığortalamağa çalışırlar. Kim digər məsələnin əhəmiyyətsizliyini söyləyir ki? Lakin bunu təqvaya alternativ qoymaq doğru deyil.”

Söhbətinin sonunda ilahiyyatçı Azərbaycan xalqı, İslam ümmətinə dualar edib.