Avropaya mühacirət edən siyasi fəal Rəsul Mürsəlova Azərbaycanda vergidən yayınmağa görə cinayət işi açıldığı deyilir.
Bu haqda onun özü «Turan» agentliyinə danışıb. Onun deməsinə görə, ittiham tamamilə uydurmadır.
«Məni hüquqi şəxs kimi vergidən yayınmada ittiham edirlər. Halbuki, indiyədək heç bir qurum təsis etməmişəm və vergi qeydiyyatına durmamışam. Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentindən bununla bağlı ünvanıma məktub göndəriblər. Orda 3 min manata qədər vergidən yayındığım qeyd olunub», - deyən R.Mürsəlov məsələnin siyasi motivli olduğunu vurğulayıb.
«Mən Azərbaycanda siyasi fəaliyyətimə görə həbsdə olmuşam. Həm də indi Azərbaycanın hüquq-mühafizə qurumları ölkədən kənarda siyasi fəaliyyətlə məşğul olanlara qarşı vergidən yayınma ittihamından istifadə edir», - o əlavə edib.
Vergilər Nazirliyindən mühacir fəalın açıqlamalarına münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycanın rəsmi qurumları, bir qayda olaraq, insanlara siyasi baxışlarına görə ölkə daxilində və onun hüdudlarından kənarda basqılar edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
R.Mürsəlov əvvəllər AXCP Gənclər Komitəsinin fəal üzvlərindən olub. O, Türkiyədən olan dostu Alirza Kutlu ilə 2012-ci il iyulun 18-də Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanıb və barələrində «sərhədi qanunsuz keçmə» maddəsi ilə cinayət işi açılmışdı.
Rayon məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Həmin vaxt R.Mürsəlov heç bir qanunsuz əməl törətmədiyini və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
R.Mürsəlov 2014-cü il yanvarın 25-də həbsdən çıxmışdı. Ardınca Avropaya mühacirət etmişdi.
Mühacir fəala cinayət işi açılıb
Oxşar xəbərlər