Makron Türkiyə, Çin və Rusiyanı Afrikada “imperialist güc” olmaqda ittiham edib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Türkiyə, Çin və Rusiyanı Afrikada imperialist güc olmaqda ittiham edib.

Misirdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 27-ci Konfransı öncəsi gənclərin suallarını cavablandıran Makron Fransanın Afrika qitəsi ilə münasibətlərində çətin dövr yaşadığını bildirib. Fransanın Afrika qitəsindəki müstəmləkə keçmişi üçün Makron, "Keçmişin (müstəmləkə dövrü) ağırlığı bizim çiyinlərimizdədir" ifadəsini işlədib. Digər tərəfdən Fransa prezidenti iddia edib ki, son vaxtlar Afrikanın bəzi ölkələrində Fransa əleyhinə əhval-ruhiyyə artıb və bunun əsas səbəbi Rusiya da daxil olmaqla bir neçə ölkə tərəfindən maliyyələşdirilən sosial media istifadəçiləri və aktivistlərdir. "Çinlilər, ruslar, türklər Afrikada fransızlardan, yoxsa başqalarından yaxşıdır? Onlar bunu bizdən 10 dəfə pis edirlər" - Makron bildirib. O, bu ölkələri müstəmləkəçi və imperialist güclər olmaqda da ittiham edib.