Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun püşkatma mərasimi keçirilib.

Operativtv.com Apasport.az-a istinadən məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 24 komandadan 16-sı səkkiz cüt təşkil edib.

Birbaşa 1/8 finala yüksələn 8 kluba rəqib olmaq uğrunda mübarizədə turnirin qrupunda ikinci yeri tutanlarla Avropa Liqasının üçüncüləri üz-üzə gələcək. Azərbaycan çempionu “Qarabağ”, həmçinin qardaş Türkiyə təmsilçisi “Trabzonspor”un rəqibi bəlli olub.

Pley-offun oyunları 2023-cü ildə təşkil olunacaq. İlk matçlar fevralın 16-da, cavab görüşləri 23-də baş tutacaq. Avropa Liqasından Konfrans Liqasına yuvarlananlar ilk matçı evdə keçirəcək.

Konfrans Liqası
Pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)
“Latsio” (İtaliya) - ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç) - “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
AEK (Kipr) - “Dnepr-1” (Ukrayna)
“Şerif (Moldova) - “Partizan” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) - “Anderlext (Belçika)

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finala yüksəlib.