İnanclı Məftun Nağıyev 5 il 6 ay azadlıqdan məhrum edildi

Saxta narkotik ittihamı ilə saxlanılan daha bir inanclıya, Məftun Nağıyevə hökm oxunub. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Məftunun anası Xədicə Nağıyeva "Məlumat" İnformasiya Agentliyinə verdiyi açıqlamada deyib:

"Məftun 2023-cu ilin 9 aprel tarixində gecə saat 19:25 radələrində evdən Neftçala rayon polis idarəsinin bir dəstə mülki geyimli əməkdaşı tərəfindən zorakılıqla aparılıb. Həmin gün orucluq ayı idi, Məftun ev geyimində oturmuşdu. Evə qəfil girən polislər onu 3 azyaşlı körpəsinin gözü önündə zorakılıqla aparanda uşaqlar çox qorxdu. Lakin polislər Məftunun körpələrinin qorxmasına, ağlamasına əhəmiyyət vermədilər.

Mən və kiçik oğlum da o maşınla polis idarəsinə getmək istədik, imkan vermədilər. Neftçala polis idarəsində Məftun Nağıyevi vətənə xəyanət maddəsi ilə təhdid etdikdən sonra onu üzərində 32 qram narkotikin olduğu haqqında ifadəyə imza atmağa məcbur ediblər.”

Məftun Nağıyev haqqında Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı və istehsalı) cinayət işi açılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində 7 məhkəmə prosesi keçirilib. Məhkəmələr onlayn şəkildə keçirilib. Məftun Nağıyev məhkəməyə saxlanıldığı Kürdəxanı istintaq təcridxanasından qoşulub. Anası məhkəmənin çox anormal şəkildə keçirildiyini bildirib:

"İlkin istintaq materialında yazılanlarla məhkəmədə şahidlərin verdiyi ifadə bir-birinə ziddiyyət təşkil edirdi. Hətta Məftunun 3 uşağı olduğu halda yazıblar ki, 2 uşağı var. İstintaq materialında Məftunun işsiz olduğu yazılıb, amma Məftun şirkətdə işləyirdi. Şərlənərək həbs edilməsinə etiraz etmək üçün Məftun 9 gün aclıq aksiyası keçirdi, adiyyatı qurumlar narahat olmadı."

Anası deyir ki, Məftunu polis idarəsinə apardıqdan sonra ailəyə bir sutka heç bir məlumat verilməyib:

"Evdə aparılan axtarış da düzgün aparılmadı. Axtarış zamanı polislər torbada gətirdikləri əşyaları - Ayətullah Xameneinin və Şəhid general Qasım Süleymaninin şəkillərini qoydular evə, şəkillərini və videosunu çəkib özləri ilə aparıblar.”

Qeyd edək ki, Məftun Nağıyev sosial şəbəkədə aktiv dindarlardan olduğu üçün narkotik ittihamı ilə şərlənib həbs edilib. O, daim ölkədəki haqsızlıqlara etiraz edib və bu barədə sosial şəbəkələrdə statuslar yazıb.