Hakimiyyətin Şəhidlər Xiyabanında növbəti biabırçılığı

"Dünən Şəhidlər Xiyabanında yaşananlar məni yenidən məyus etdi.
Düzünü deyim ki, Rusiyanın Ukrayna savaşındakı rüsvayçılığından, dünya birliyi tərəfindən təcridindən sonra ziyarətə daha az maneə yaradılacağını düşünürdüm. Məntiq, sağlam düşüncə də məhz bunu diktə edirdi. Ancaq, görünür, Azərbaycan hakimiyyətinin ağıl hocalarına hələ Rusiya ətrafında və dünyada baş verənlər tam anlamında çatmayıb.
Avropa Parlamentində keçirilən dinləmələrdə eşitdiyimiz qərəzli və ədalətsiz müzakirələr fonunda, xüsusilə də, nə qədər inanılmaz və absurd səslənsə də, Avropalı deputatların Yuxarı Qarabağda vaxtilə Xocalı soyqırımını törətmiş Rusiya Ordusuna erməniləri daha çox müdafiə etməklə bağlı çağırışları fonunda Bakıda 20 Yanvar faciəsinin böyük izdahamla yad edilməsi yerinə düşməzdimi?
Bu dünyanın, avropalıların yaddaşını təzələməzdimi? Azərbaycan xalqının gerçəkdə kiminlə savaşdığının mesajını verməzdimi?
Bu, eyni zamanda, Yuxarı Qarabağda artıq bir çox məsələlərdə maraqları toqquşan Azərbaycan hakimiyyətinin özünün Rusiya qarşısında mövqeyini gücləndirməzdimi?!
Dezinfeksiya söhbəti isə tam bir biabırçılıq idi. İlin 365 günü yatıb açıq havanı(?), məzarları (?) dezinfeksiya etmək üçün məhz Şəhidləri anım gününü gözləmək onların ruhuna qarşı hörmətsizlikdən, mənəvi düşüşdən başqa bir şey deyil. Bunun şəhid yaddaşı yenicə təzələnmiş, yenicə üç min şəhid vermiş xalqın fərdlərinə təsirini də bir düşünün...
Əllərində qərənfil dəstəsi tutmuş insanların, xüsusilə də körpələrin axın-axın Şəhidlər Xiyabanını ziyarət etmədən məyus halda geri dönməsi çox ağır mənzərə idi...
Müxalifətə gəlincə, hakimiyyətin davranışları bizə münasibətdə reklam, özünə münasibətdə isə anti-reklamdan başqa bir şey deyil.
Milli Şura, AXCP olaraq biz minlərlə insanın içində səssizcə Şəhidlərimizi ziyarət edib keçəcəkdik.
Hakimiyyət nə etdi? Məhz bizim ziyarət saatına yaxın rüsvayçı "dezinfeksiya əməliyyatı"-nı başlatdı. Yollar bağlandı, insanlar şəhidləri ziyarət etmədən geri qayıtmağa məcbur oldu. Sosial şəbəkələr üzərindən baş verənlər canlı olaraq yayımlandı, müxalifət lideri Əli Kərimli bu barədə silsilə açıqlamalar verdi, hamı müxalifətin uğradığı diskriminasiyanı, ayrı-seçkiliyi gördü. Sıradan bir ziyarət siyasi hadisəyə çevrildi.
Hakimiyyət niyə bunu edir?
1.Bizi incidirlər, biz bir-neçə saat ayaq üstündə qalırıq, bundan zövq alırlar, ancaq əvəzində cəmiyyət bizə qarşı haqsızlıq edildiyini görür və heç şübhəsiz ki, bütün toplumlar kimi haqsızlıq edəni yox, haqsızlığa uğrayanı müdafiə edir.
2. Cəmiyyətdə "onlardan qorxmasaydılar belə bir gündə hamının gözü önündə belə ayrı-seçkililik, haqsızlıq etməzdilər" alqısı yaranır.
3. Məqsəd müxalifətin kiçik bir qrupla Şəhidləri ziyarət etməsi görüntüsü yaratmaqdan, bizi bu məqsədlə kiçik hissələrə bölməkdən gedirsə, lap Əli Kərimli tək keçsin. Məgər İlham Əliyev hər yerə tək getmir? Bu o deməkdirmi ki, onun ətrafında heç kim yoxdur? Buna məna yükləməyə dəyərmi?
4. Bu dəfə hakimiyyət bağça uşaqları səviyyəsində bir oyun qurmuşdu. Fəxri Xiyaban istiqamətində xeyli sayda xüsusi geyimli ASAN könüllüsünü toplayıb iki hissəyə ayırdılar və onları bizdən öncə və bizim həmən arxamızca Parlament prospektinə buraxmaqla bizi mühasirəyə alıb aralarında "əridəcəklərinə" stavka etdilər.
Könüllü gənclər də imkan düşən kimi bizim yanımızdan sivrilib bir-birinə qovuşurdu))). Bu "möhtəşəm əməliyyatı" bir neçə dəfə reallaşdırmaq istədilər, şəxsən Səbail Rayon Polis bölməsinin rəhbərliyi bu işə nəzarət etsə də "alınmadı, rəis"
Bu "strateji" ağlın sahibləri bununla nə edəcəkdilər? Biz ASAN Xidmət könüllüləri ilə birlikdə yürüsək bu bizi alçaldacaqdımı?! Biz Azərbaycan hakimiyyətindən fərqli olaraq belə düşünmürük. O gənclər də bu millətin övladlarıdır, bizim balalarımızdır. Həşəmətli hökumətimiz çox arzulayırsa gələn il hətta hərəmiz bir ASAN gənci ilə əl-ələ addımlaya da bilərik və bundan əsla əskilmərik.
Bunları yalnız müqəddəs Şəhidlərimizə hörmətdən dolayı yazdım. Yoxsa, bizi reklam edirlər, etsinlər, nəyi pisdir ki?
Gültəkin Hacıbəyli
Milli Şura Koordinasiya Mərkəzinin üzvü