Fələstinin bir sıra bölgələrində İsrail qüvvələri ilə silahlı qarşıdurma baş verib, ölənlər var

 İşğal altında olan İordan çayının qərb sahilində Nablus, Cenin, Ramallah və Qüds şəhərləri ərazisində silahlı qarşıdurmalar və toqquşmalarda ölənlər və yaralananlar var.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Cenində bir İsraillinin cəsədi xəstəxanadan naməlum şəxslər tərəfindən oğurlanıb.

İsrail tərəfi Fələstin Muxtariyyəti rəhbərliyi ilə onun səcədinin geri qaytarılması üçün danışıqlar aparır.

“Aslanlar Yuvası” qrupu Nablusun şərqində xüsusilə də “Yusif Peyğəmbərin məzarı” yaxınlığında İsrail qüvvələri ilə şiddətli toqquşmaların yaşandığını bildirib.

Nablusun şərqində ötən gecədən başlayan bu silahlı qarşıdurma və toqquşmada 16 yaşlı bir fələstinli gənc həlak olub və dörd nəfər yaralanıb.

İsrail Ordusu həmçinin bildirib ki, Qüdsün girəcəyində partlayış baş verib və azı 10 nəfər yaralanıb.

İsrailin işğalı altında olan İordan çayının qərb sahili bölgələrində vəziyyət daha da gərginləşib.