Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu - Video

Oktyabrın 24-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclasında hökm oxunub. Hakim Azər Tağıyev sabiq direktor Sevinc Abbasovanın 3 il müddətinə pedaqoji fəaliyyətinə məhdudlaşma qoymaqla 2 il 2 ay müddətinə azadlığının məhdudlaşdırılması, maddi - mənəvi ziyanla bağlı hissənin qismən təmin edilməsi barədə hökmü elan edib.
Qeyd edək ki, məhkəmənin hazırlıq iclasında istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verildiyi məlum olsa da, müdafiə vəkilləri bu barədə açıqlama verməyib. Zərərçəkmiş tərəfin vəkilləri Emin İsayev və Sevinc Əliyeva istintaqın Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirildiyini və yekunlaşdıqdan sonra məhkəməyə göndərildiyini bildiriblər.
Xatırladaq ki, 4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib. Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.