DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikalar daşınır

Operativtv.com xəbər verir ki, Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans işinə başlayıb. Tədbirdə çıxış edən DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski: “İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir”-deyə bildirib.