Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılıb

Bununla bağlı mayın 3-də Vergilər Nazirliyində brifinq keçirilib
 
Bu, vergiödəyicilərin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədi ilə izah edilib.
 
Nazir Mikayıl Cabbarovun əmri ilə onun müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.
 
Brifinqdə E.Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.
 
E.Məmmədov deyib ki, institut vergiödəyicilərin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.
 
Brifinqdə həmçinin, Vergi Ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, Vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergiödəyicilərin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır.
 
Bir müddət öncə Vergilər naziri Mikayıl Cabbarov da Vergi Ombudsmanının yaradılacağını açıqlamışdı.
 
Report.az