Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Mingəçevir İES-ə zərbə endirilməsilə bağlı hədələri barədə

Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, Mingəçevir İES-ə zərbə endirilməsinin mümkünlüyü ilə bağlı Qarabağ separatçılarının bəyanatları onların təşviş içində olması ilə əlaqədardır.

"Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti hesab edir.

Azərbaycan ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordunun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

Azərbaycanın HHM və RƏM sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərin tam təhlükəsizliyini təmin edir, mətbuat xidmətinin məlumatında deyilir.

contact.az