Azadlıq Radiosu sosial mediada radionun rəhbərliyə qarşı iddialarla bağlı növbəti açıqlama yayıb

Azadlıq Radiosu sosial medida radionun Azərbaycan xidmətinin bəzi keçmiş əməkdaşları və digər şəxslərin rəhbərliyə qarşı səsləndirdikləri iddialarla bağlı növbəti açıqlama yayıb.
Avqustun 19-da yayılan açıqlamada qeyd olunur: “Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb. Azad Avropa/AzadlıqRadiosu konkret şəxslərlə bağlı şərh vermir”.
Açıqlama qeyd edilir ki, AzadAvropa/AzadlıqRadiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə bizim missiyamıza və prinsipial jurnalistika etikamıza sadiqdir.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib, radionu vergi və maliyyə pozuntularında ittiham edib.
Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib.
AzadlıqRadiosu həm vergi ittihamları, həm də vebsaytının bloklanmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib, hər iki iş üzrə məhkəmənin qərarını gözləyir.
AzadlıqRadiosu indiyədək prezident ailəsinin, onun yaxın çevrəsinin maliyyə fəaliyyəti, hakim ailə üzvlərinin xaricdəki mülkləri, ölkədən qanunsuz olaraq çıxarıldığı iddia olunan 3 milyard dollara yaxın vəsaitlə bağlı araşdırmalar dərc edib.
Radio Azərbaycanda hökumətin mediaya total nəzarət etdiyi bir mühitdə senzurasız, qərəzsiz, balanslı jurnalistika fəaliyyətini davam etdirir, aparıcı müstəqil xəbər mənbəyi imicini qoruyub saxlayıb.