ADB Ələt-Naxçıvan dəmir yolu dəhlizinin diaqnostikası üçün texniki yardım göstərib

Asiya İnkişaf Bankı (ADB) Ələt və Naxçıvan arasında dəmir yolu dəhlizinin inkişaf etdirilməsi məqsədilə diaqnostika araşdırmasının tamamlanması üçün 225 000 ABŞ dolları məbləğində texniki yardım göstərib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, texniki yardım ölkənin 2021-2023-cü illər üçün əməliyyatlar üzrə biznes planında qeyd olunduğu kimi, Azərbaycanın logistika və ticarət mərkəzi kimi potensialının artırılmasına dəstək göstərilməsinin əsas istiqamətinə uyğunlaşdırılıb.

“Azərbaycanda infrastrukturun inkişafında cari prioritetlərdən biri Bakı və Ələt limanını Naxçıvan ilə birləşdirən dəmir yolu xəttinin modernləşdirilməsidir.

Ələt və Horadiz arasında (205 km) dəmir yolu xətti hələ də istismarda olsa da, sovet dövründə salınıb və tam yenidənqurmaya ehtiyacı var. Xəttin birinci hissəsi olan Ələt-Osmanlı (60 km) dəmir yolu xətti üçün layihə sənədləri mövcuddur. Osmanlı ilə Horadiz arasında (145 km, təkistiqamətli) hissə üçün heç bir layihə və ya başqa sənəd yoxdur”, - bankın məlumatında deyilir.

2021-ci ilin fevralında hökumət ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşən və işğal zamanı tamamilə dağıdılmış Horadiz-Ağbənd (100 km) dəmir yolu xəttinin tikintisinə başlayıb.

ADB hesab edir ki, Ələt-Naxçıvan dəmir yolu dəhlizinin iqtisadi potensialının qiymətləndirilməsi və səmərəli investisiya layihələrinin müəyyən edilməsi üçün bu istiqamətlər üzrə təhlilin aparılması tələb olunur: avtomobil nəqliyyatının və alternativ marşrutların yaratdığı rəqabət nəzərə alınmaqla, dəmir yolu ilə yük və sərnişin daşımalarına gələcək tələbat; infrastruktura investisiya qoyuluşu ehtiyacları; dəmir yol nəqliyyatı vasitələri, həmçinin multimodal terminallar kimi digər obyektlər üçün tələb olunan investisiya; dəmir yolu dəhlizinin İran, Ermənistan və Türkiyə şəbəkələri ilə birləşdirilməsi üçün texniki və istismar variantları, habelə qarşıda duran maneələr; dəmir yolu nəqliyyatına investisiya variantlarının iqtisadi səmərəliliyi; icra planlaması, həmçinin biznesin inkişafı və marketinq üçün lazımi təşkilati potensial.