ABŞ İrandan Yəmənə partlayıcı maddələr yükünün aparılmasının qarşısını aldığını bildirib

 ABŞ Ordusu Oman dənizində yəmənlilərin idarə etdiyi bir qayıqda partlayıcı maddələr aşkarladığını və zərərsizləşdirildiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı CENTCOM məlumat yayıb.

İddia edilib ki, Oman dənizində dörd yəmənlinin idarə etdiyi qayıq saxlanılıb və ora baxış keçirilən zaman partlayıcıların istehsalı üçün lazım olan xam mal aşkar edilib.

Əlavə edilib ki,  qayıqda 180 ton karbamid gübrəsi və ammonium xlorid maddəsi olub ki, bu maddələr də partlayıcıların istehsalında istifadə edilə bilər.

CENTCOM bildirib ki, qayıq batırılıb və onun göyərtəsində olan dörd yəmənli (Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi) Yəmən hökuməti qüvvələrinə təhvil verilib.