ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə görüşü təxirə salıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda Marriott Absheron otelində keçirilməsi planlaşdırılan təntənəli görüşü təxirə salıb.

Bu, Baku TV və "Qafqazinfo" resurslarında səfirliyin "casus şəbəkəsi" və "ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş" şəxslərlə görüş təşkil etməsi barədə xəbərlərdən sonra baş verib.

Bu ittihamlara və görüşə münasibət bildirən ABŞ-ın Bakıdakı səfirliyi Turan agentiyinin sorgusuna belə cavab verib:

"Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi. Bu yubileylər səfirliyin illik məzunlar tədbirini bu il daha da xüsusi edib. Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi.

Tezliklə yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik", səfirliyin cavabında deyilir.

Qeyd edək ki, ABŞ-da təhsil almış və almaqda olanların bir çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ora gediblər. Bir neçə il əvvəl gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi ilə bağlı dövlət proqramı yaradılmışdı.

Qeyd edək ki, ABŞ-ın qabaqcıl təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı da ilbəil artmaqdadır.

ABŞ-ın Azərbaycandakı səfirliyi bu il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.

Azərbaycanda bir sıra media orqanlarında Avropa və ABŞ-ın əleyhinə təhdidedici yazıların dərc edilməsi, ABŞ-da təhsil alanların “ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsi", "məxfi əməkdaşlığa cəlb edilmiş"ər kimi xarakterizə edilməsi ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən siyasi partiyalar tərəfindən tənqidlə qarşılanıb.

 

Yazının tam mətni Amerikanın Səsi saytındadır.