ABŞ altı aydan sonra İsrail tərəfindən qətlə yetirilmiş Şirin Əbu-Aqilə haqda cinayət işi açacağını bildirib

Vaşinqton İsraili Şirin Əbu-Aqilənin qətli ilə bağlı cinayət araşdırmasına başlamaq qərarı barədə məlumatlandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, fələstinli jurnalist Şirin Əbu-Aqilənin İordan çayının qərb sahilindəki Cenin düşərgəsində İsrail qüvvələri tərəfindən öldürülməsindən təxminən altı ay sonra Vaşinqton da “hərəkətə keçdiyini” bildirib.

Vaşinqton İsrail hökumətinə fələstinli jurnalistin ölümü ilə bağlı cinayət təhqiqatı başlamaq qərarını bildirib.

Amerikanın açıqlamasından sonra İsrailin müdafiə naziri Beni Qantz bildirib ki, “ABŞ Ədliyyə Nazirliyinin Əl-Cəzirə müxbiri Şirin Əbu-Aqilənin öldürülməsini araşdırmaq qərarı böyük səhvdir”.

"İsrail heç bir xarici təhqiqatla əməkdaşlıq etməyəcək, İsrailin daxili işlərinə qarışmağa icazə verməyəcəyik", deyə Qantz əlavə edib.

Qeyd edək ki, keçən iyulun 4-də ABŞ Dövlət Departamenti bir hesabatda bildirib ki, “çox təfərrüatlı məhkəmə-tibbi analizdən sonra ABŞ təhlükəsizlik koordinatoru fələstinli jurnalist Şirin Əbu-Aqiləni öldürən güllənin mənşəyi ilə bağlı yekun nəticəyə gələ bilməyib”.

Lakin Birləşmiş Millətlər Təşkilatı açıqlayıb ki, əlində olan bütün məlumatlar, Əbu-Aqiləni öldürən güllələrin İsrail tərəfindən açıldığını göstərir.