10 manatlıq pul nişanı təkmilləşdirilib

Martın 18-də Mərkəzi Bank açıqlama yayıb. Açıqlamada deyilir ki, 10 manatlıq pul nişanı təkmilləşdirilib və onun mühafizə elementləri daha yüksək standartlara uyğunlaşdırılıb: "Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanıb. Mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın dövlət gerbi təsvir edilib.
 
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya yerləşir. Pul nişanının kənarlarında görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
 
Pul nişanının arxa tərəfində üzərində işıqda görünən "10” rəqəmi və "AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı  yerləşir. Eyni zamanda üzərində "10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.
 
Yenilənmiş 10 manatlıq pul nişanı 18 mart 2019-cu ildən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək”.