Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Görüş zamanı Şeyxülislam son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması üçün dualar etdiyini bildirib.
İran səfiri Müctəba Dəmirçilu başsağlığına görə Şeyxülislama minnətdarlığını bildirib, ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülh və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.