“The Wall Street Journal”: Trampın komandası Venesuela neftinə uzunmüddətli nəzarət planı hazırlayır, məqsəd qiyməti 50 dollara endirməkdir

ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Venesuelanın neft sənayesinə uzun illər davam edəcək şəkildə nəzarət qurmağa yönələn genişmiqyaslı plan üzərində işləyir. Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

WSJ-nin məlumatına görə, Tramp administrasiyası bu planın neftin qiymətinin bir barel üçün 50 dollara qədər enməsinə kömək edəcəyini düşünür. Tramp daha əvvəl də 50 dollar səviyyəsini “ən arzuolunan” qiymət kimi təqdim edib.

Nəşr yazır ki, planın tərkib hissələrindən biri ABŞ-nin Venesuelanın dövlət neft şirkəti “Petróleos de Venezuela” (PdVSA) üzərində “müəyyən nəzarət” əldə etməsidir. Buraya, xüsusilə, şirkətin hasil etdiyi neftin əsas hissəsinin satışının idarə olunması da daxil edilə bilər.

WSJ qeyd edir ki, planın uğurlu olması Vaşinqtona ABŞ-dəki və digər ölkələrdə amerikalı şirkətlərin nəzarətində olan hasilat sahələri də nəzərə alınmaqla Qərb yarımkürəsində neft ehtiyatlarının böyük hissəsinə təsir imkanlarını genişləndirmək şansı verə bilər. Nəşrin yazdığına görə, Vaşinqton bununla yanaşı daha iki hədəf güdür: Rusiya və Çini Venesueladan sıxışdırmaq və ABŞ istehlakçıları üçün enerji qiymətlərini aşağı salmaq.

WSJ bildirir ki, neft qiymətləri onsuz da nisbətən aşağıdır və Trampın ABŞ neft şirkətlərini hasilatı artırmağa razı salması çətinləşir. Bir çox şirkət üçün bareli 50 dollar səviyyəsi elə bir hədd sayılır ki, bundan aşağı qiymətlərdə hasilatın rentabelliyi sual altına düşür.

Nəşrin yazdığına görə, Tramp və komandası artıq Venesuela hökuməti ilə neft tədarükü üzərində nəzarətin qurulmasına dair qapalı danışıqlara başlayıb.

WSJ xatırladır ki, son illərdə ABŞ sanksiyaları Venesuelada neft hasilatını azaldıb və ölkəni bir çox potensial alıcıdan məhrum edib. Hazırda Venesuela neftinin ən böyük idxalçısı kimi Çin göstərilir.

Ağ Evin mətbuat katibi Kerolayn Livittin 7 yanvar brifinqində bildirdiyinə görə, Venesuelaya qarşı sanksiyaların bir hissəsi yaxın günlərdə yumşaldıla bilər. Bu, əvvəllər sanksiyaya düşmüş neftin satışına icazə verilməsi məqsədi daşıyır.

Tramp isə yanvar 6-da “Truth Social” platformasında yazıb ki, Venesuelanın “müvəqqəti hakimiyyətləri” ABŞ-yə sanksiyalara məruz qalan 30–50 milyon barel neft verəcək. Trampın sözlərinə görə, bu neft bazar qiyməti ilə satılacaq və o, “prezident kimi həmin pullara nəzarət edəcəyini” bildirib. Vəsaitin “Venesuela və ABŞ xalqının xeyrinə” istifadə olunacağı vurğulanıb.

Bu arada, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat nəticəsində azı 100 nəfərin öldüyü, təxminən o qədər də yaralının olduğu bildirilib.

CNN bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabelloya istinadən məlumat verib. Nazir həmçinin münaqişə ilə əlaqəsi olmayan mülki şəxslərin də zərər çəkdiyini iddia edib.

Kuba hökuməti isə yanvarın 5-də yaydığı bəyanatda əməliyyat zamanı 32 Kuba vətəndaşının öldüyünü bildirib. Rəsmi açıqlamada onların Kuba silahlı qüvvələri və kəşfiyyat xidmətlərinin hərbçiləri olduğu, Nikolas Maduronun mühafizəsində iştirak etdikləri qeyd olunub.

ABŞ tərəfinin qiymətləndirməsi kimi təqdim edilən məlumatda isə əməliyyat zamanı ümumilikdə təxminən 75 nəfərin öldüyü bildirilir, o cümlədən Karakasda Maduronun iqamətgahı yaxınlığında atışma zamanı “onlarla” qurban olduğu qeyd olunur.

ABŞ yanvarın 3-də Karakasda müxtəlif obyektlərə aviazərbələr endirib, ardınca ABŞ xüsusi təyinatlıları Venesuela Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ölkədən çıxararaq Nyu-Yorka aparıb. Onların məhkəmə qarşısına çıxarıldığı, narkoterrorizm və silah saxlama daxil olmaqla müxtəlif maddələrlə ittiham olunduğu, lakin təqsiri qəbul etmədiyi bildirilir.