Taliban hakimiyyətə gəlməsinin ikinci ildönümünü qeyd edir

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsinin ikinci ildönümündə ölkənin müxtəlif yerlərində “işğalçılardan qurtuluş” adı altında mərasimlər keçirilib.

Taliban hərəkatının mərkəzi sayılan Qəndəharda Heybətullah Axunzadənin fərmanı ilə keçirilən parad ictimaiyyətdən uzaq hərbi düşərgədə keçirilib. Paytaxt Kabilin Əhməd Şah Məsud meydanında keçirilən mərasimdə təhlükəsizlik işçisi kimi geyinmiş əfqan uşaqlar plastik silahlar daşıyıblar.

Herat küçələrinə toplaşan Taliban tərəfdarları "Avropalılara ölüm! Yaşasın Əfqanıstan İslam Əmirliyi! Amerikalılara ölüm!" şüarlar səsləndiriblər. “Kabilin fəthi bir daha sübut etdi ki, qürurlu əfqan xalqına heç kim nəzarət edə bilməz və heç bir işğalçıya ölkənin müstəqilliyi və azadlığını təhdid etməyə icazə verilməyəcək”, - beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan Taliban hökuməti bildirərək ağ və qara bayraqlarını dalğalandırıb.

Beynəlxalq qüvvələr ölkədən çəkildikdən sonra tərk edilmiş Amerika istehsalı olan hərbi maşınlar da küçələrdə nümayiş etdirilib.

“Qadınların hüquqları məhdudlaşdırılır”

38 milyondan çox əhalisi olan ölkə dünyanın ən pis humanitar böhranlarından biri ilə üz-üzədir.

Talibanın 15 avqust 2021-ci ildən bu yana ölkədə repressiv siyasət həyata keçirməsi və Birləşmiş Millətlər Təşkilatının “gender ayrı-seçkiliyi” adlandırdığı qanunların qadınları hədəf alması ilə bağlı tənqidlər var. İctimai həyatdan, habelə işdən və təhsildən kənarda qalan qadınların hüquqlarına qoyulan məhdudiyyətlər hökumətin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına ən böyük maneələrdəndir.

Qadınların Talibana qarşı nümayişi

Yubiley tədbirlərindən əvvəl kiçik qadın qrupları üzlərini maskalayıb, Taliban rejiminə qarşı qısa nümayişlər keçiriblər.

Bağlı qapılar arxasında keçirilən, lakin sosial mediada yayımlanan mitinqə qatılan Zholia Parsi AFP-yə deyib: "Biz BMT və insan haqları təşkilatlarına cəmiyyətin yarısının təzyiq altında olduğuna diqqət çəkmək üçün nümayiş etdirdik".

Talibanın öz administrasiya vədlərinə əməl etmədiyini deyən Birləşmiş Millətlər Təşkilatının ekspertləri, “Talibanın de-fakto rəsmilərinin hər hansı bir məhdudiyyətin, xüsusən də təhsilə girişin müvəqqəti olacağına dair verdiyi təminatlara baxmayaraq, sistemli və hər şeyi əhatə edən ayrı-seçkilik, marginallaşma və təqib sistemi tətbiq edir”.