Daha bir inanclı fəala qarşı təzyiqlər başladı - Yeniləndi

9 iyun tarixində inanclı fəal Taleh Eldar oğlu Vaqifzadə Qobustan Qapalı Tipli Cəza Çəkmə müəsisəsində saxlanılan Hacı Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarova yardım məqsədi ilə sovqat aparıb. Bir gün sonra, yəni 10 iyun tarixində avtomobilini idarə edən zaman Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları onun qarşısını kəsərək saxlayıblar. Bu barədə Operativtv.com-a Taleh Vaqifzadə məlumat verib.

O qeyd edib ki, saxlanıldıqdan sonra Nəsimi rayonunun 22-ci polis bölməsinə aparılıb və rəisin tapşırığı ilə işgəncəyə məruz qalıb.

"Səhərə qədər rəisin tapşırığı ilə döyüldüm. Polis əməkdaşları həm də şərəf və ləyaqətimi alçaldan söyüşlər də söydülər. Məni videoya çəkərək üzərimdə qanunsuz silah gəzdirməyimi boynuma qoydular. Dedilər ki, ailəmlə əlaqə saxlayım və 10 min manat pul gətirsinlər. Əgər dedikləri gətirilməsə həbs olunacağımı vurğuladılar. Bundan sonra mənə bildirdilər ki, polis bölməsində baş verənləri başqa yerdə danışacağım təqdirdə və həbs olunan inanclılara bir daha yardım aparsam uzun müddətli həbs olunacağam", - deyə Taleh Vaqifzadə diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, hadisələr bununla da yekunlaşmayıb.

Belə ki, 8 iyul tarixində səhər saatlarında Taleh Vaqifzadənin evinin qarşısına gələn polis kapitanı və leytenantı rütbəsində iki nəfər 10-cu polis bölməsinin rəisinin onunla görüşmək istdəyini çatdırıblar. Taleh Vaqifzadə 10-cu polis bölməsinə getdikdən sonra yenidən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılıb(red- Xalq arasında "Bandotdel" olaraq tanınır). Sözügedən idarədə Vaqifzadə Taleh yenidən döyülüb və təhqir olunub.

 

Ondan həbsxanaya yardım aparan digər şəxslərin adları soruşulub və polislərlə əməkdaşlıq etməsi istənilib. Deyilib ki, əgər şərtləri qəbul etməsə həbs olunacaq. Taleh Vaqifzadəyə bundan sonra müəyyən qədər vaxt qoyularaq sərbəst buraxılıb. Ona daha sonra əlaqə saxlaması üçün mobil nömrə də verilib.

 

İnanclı fəal başına gələnləri təzyiq hesab edir və təzyiqlərin dayandırılmasını tələb edir.

 

Saytımızın əməkdaşları Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb mövzu ilə bağlı suallar ünvanlasa da cavab ala bilməyiblər.