Rusiya: 9 min suriyalı Hmeymim hava bazasına sığınıb

Reuters xəbər agentliyi cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verib ki, bu ölkənin Suriyanın Hmeymim şəhərindəki hava bazası məzhəb zorakılığından qaçan 9 minə yaxın suriyalıya sığınacaq verib.

Reuters yazıb ki, Hmeymim Moskvanın müttəfiqi Bəşər Əsədin devrilməsinə baxmayaraq, saxlamağa ümid etdiyi Suriyadakı iki Rusiya hərbi bazasından biridir.

Mariya Zaxarova jurnalistlərə deyib ki, sığınacaq məsələsi suriyalı qaçqınlar üçün ölüm-dirim məsələsidir və bu insanların çoxu qadın və uşaqlardır.

Reuters Suriya İnsan Haqlarını Müşahidə Qrupuna istinadən yazıb ki, son hücumlar zamanı yüzlərlə mülki ələvi həlak olub.