Ramiz Mehdiyev Nazim İbrahimov barədə: Maliyyə yardımları öz ünvanına çatmayıb

''Öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib''

***

Sabiq komitə sədri Nazim İbrahimov unikal.az-a bildirib ki, rəhbərlik etdiyi komitədə hər hansı maliyyə pozuntusu olmayıb:

"Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

N.İbrahimov bu iddialar əsasında fəaliyyətinin təftiş olunacağı barədə fikirlərini də bildirib:

"Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

***

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu qurumun kollektivinə təqdim edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, qurumun sabiq başçısı Nazim İbrahimovu kəskin tənqid edib.

R.Mehdiyev bildirib ki, komitənin işində narazılıqlar var idi. Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:

“Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Aprelin 11-də prezident seçilən İlham Əliyev hökumətin tərkibində bir neçə dəyişikliklər edib. Onlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin sədr Nazim İbrahimov aid edilib. Yeni təyin olunan sədr Fuad Muradov üç çağırış ardıcıl Milli Məclisin deputatı olub.

Nazim İbrahimov 2002-ci ildən bu vəzifəni tuturdu.