Qəzzada müharibənin ildönümü yaxınlaşdıqca minlərlə insan Avropada Qəzzaya dəstək yürüşü keçirib

İsrailin 7 oktyabr hücumundan sonra Qəzzada başlatdığı əməliyyat 41 mindən çox fələstinlinin ölümünə və Qəzza zolağının dağıdılmasına səbəb olub.

Oktyabrın 7-də, İsraillə Qəzzanı idarə edən Həmas arasında yenidən alovlanan müharibənin birinci ildönümündən əvvəl minlərlə insan Avropa paytaxtlarında Fələstinə dəstək üçün nümayişlər keçirib.

Nümayişlər Avropanın bir çox böyük şəhərlərində keçirilib və həftəsonu boyu davam edib. Etirazların hücumların ildönümü olan bazar ertəsi pik həddə çatacağı gözlənilir.

 

İtaliya

Romada minlərlə insan təhlükəsizlik problemlərini əsas gətirərək etirazlara icazə verməyən yerli hakimiyyət orqanlarının qadağasına baxmayaraq, dinc nümayiş keçirib. Daha sonra bir qrup fəal mitinqi şəhərin mərkəzinə keçirmək istəyərkən polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Qara geyinmiş və üzləri örtülü bəzi etirazçılar polisə daş və butulkalar atarkən, polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib. Yerli media toqquşmalarda azı 30 asayiş keşikçisinin və üç nümayişçinin yaralandığını bildirib.

Romada nümayişlər əvvəllər dinc olub, fəallar “Azad Fələstin, Azad Livan” şüarları səsləndirib, Fələstin bayraqlarını dalğalandırıb və döyüşlərin dərhal dayandırılmasını tələb edən pankartlar tutublar.

 

İngiltərə

Londonda minlərlə insan sıx polis müşayiəti altında Dauninq-stritə doğru yürüş edib. Fələstin tərəfdarı nümayişçilər və əks-nümayişçilər, bəziləri İsrail bayraqları ilə bir-birinin yanından keçdikcə atmosfer gərginləşib.

Polis əməkdaşları kordonu keçmək istəyən etirazçıları geri itələdikdən sonra qarşıdurma yaranıb. Metropoliten polisi ən azı 17 nəfərin ictimai asayişi pozmaq, qadağan olunmuş təşkilata dəstək və hücumda şübhəli bilinərək saxlanıldığını bildirib.

 

İspaniya

Qəzzada atəşkəs tələbi ilə minlərlə insan Madrid küçələrinə çıxıb. Aksiyalar zamanı polislə toqquşma olmadığı bildirilib.

"Biz bu vəziyyətdən qəzəblənirik, Qəzzada minlərlə və minlərlə insan öldürülüb. Hazırda isə Livanda 2000-dən çox insan İsrail tərəfindən qətlə yetirilib, 10 mindən çox insan itkin düşüb. Bu və ya digər şəkildə bunun qarşısı alınmalıdır", - deyə Enrike Quintanilla bildirib.

 

Almaniya

Hamburqun şimalında təxminən 950 nəfər dinc nümayiş keçirib, DPA xəbər agentliyi polisin hesablamalarına istinadən xəbər verir. Etirazçıların çoxu Fələstin və Livan bayraqlarını dalğalandıraraq “Soyqırımı dayandırın” şüarları səsləndiriblər.

İsrail tərəfdarı olan iki kiçik əks nümayişin də dinc şəkildə keçdiyi bildirilir.

 

Serbiya

Belqradda 200-ə yaxın insanın iştirak etdiyi etiraz aksiyasında etirazçılar hökumətin İsrailə verdiyi dəstəyə qəzəblərini ifadə etmək üçün "Fələstini azad edin" şüarları səsləndiriblər.

Etirazın təşkilatçılarından Mihaylo Nikoliç deyib: "Əsas mesaj ondan ibarətdir ki, biz Serbiya və Belqrad vətəndaşları İsrailə silah ixracının əleyhinəyik. Serbiya Respublikası İsrailə silah ixrac edir. Serbiyadan İsrailə keçən il oktyabrın 7-dən bu yana ixrac edilən silahların dəyəri "Ən az 20 milyon avrodur. (749 milyon TL). Buna qarşıyıq" deyə o bildirib.

 

Türkiyə

İstanbulda etirazçılar Fələstin müqavimətinə dəstək məqsədilə Atatürk Mədəniyyət Mərkəzindən (AKM) Dolmabahçeyə yürüş təşkil ediblər.

Anadolu Agentliyinin (AA) verdiyi xəbərə görə, Fələstin Fəaliyyət Komitəsinin çağırışı ilə şənbə günü AKM qarşısında toplaşan minlərlə insan, "Fələstin müqaviməti qalib gələcək, soyqırım İsrail və onun silahdaşları məğlub olacaq" yazılı pankart açıb və “Hər yer Fələstin, hər yerdə müqavimət”, “Soyqırım İsrail cavab verəcək”, “Fələstinə azadlıq, İsrailə boykot” kimi şüarlar səsləndirib.

Yunanıstan, Hollandiya, Danimarka və İsveçrə də daxil olmaqla, Avropanın bir çox başqa ölkələrində də nümayişlər planlaşdırılıb.

 

Bir ildə nə baş verdi?

Oktyabrın 7-də İsraillə Qəzza zolağında HƏMAS arasında toqquşmalar yenidən alovlanıb.

İsrail sərhədini keçən HƏMAS üzvülərinin 2023-cü il oktyabrın 7-də həyata keçirdikləri hücumda əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 nəfəri öldürmüş, 250-yə yaxın adamı girov götürmüşdülər. Həmin girovların təxminən yarısı noyabr ayında İsrailin bir həftəlik atəşkəs zamanı saxladığı fələstinli məhbuslarla dəyişdirilərək azad edilmişdi.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMGK) dərhal atəşkəs elan etmə qərarına baxmayaraq, HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra Qəzzada dinc əhaliyə qarşı hücumlarını və qırğınlarını davam etdirdiyi üçün İsrail beynəlxalq qınaqla üzləşib.

Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana Qəzzada həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 41 mindən çox fələstinli ölüb, 90 mindən çoxu isə yaralanıb.

Xarabaya çevrilən Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərmana çatmaq hələ də çox çətindir. İsrail Cənubi Afrikanın iddiası çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırımda ittiham olunur.

Cənubi Afrikanın İsrailə qarşı açdığı işdə iştirakını bəyan edən ölkələr arasında Türkiyə ilə yanaşı Kolumbiya, Liviya, Meksika, Fələstin və İspaniya da var.

Məhkəmə Baş nazir Netanyahu administrasiyasına mayın 6-da bir milyondan çox fələstinlinin sığındığı ölkənin cənubundakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağı əmr edib.