Qəzzada humanitar yardım üçün toplaşan fələstinlilərin İsrail tərəfindən öldürülməsi geniş beynəlxalq qınaqlara səbəb olub

Şahidlərin və Qəzzanın səhiyyə rəsmilərinin cümə axşamı Qəzzada humanitar yardım üçün toplaşan azı 112 fələstinlinin ölümünə İsrailin atəşi səbəb olduğunu deməsindən sonra, cümə günü İsrail geniş beynəlxalq qınaqlarla üzləşib. İsrail bunun kütlənin bir-birini əzməsi və yardım maşınlarının altında qalması səbəbindən baş verdiyini bildirib.

Qəzza xəstəxanasının rəsmiləri əvvəlcə İsrailin izdihamı Qəzza şəhərinin qərb hissəsindəki Əl-Nabusinin yol dairəsində vurduğunu bildirib. Şahidlər isə daha sonra deyiblər ki, insanlar yardım maşınlarından un və konservləri götürərkən İsrail əsgərləri onlara atəş açıb.

Son həftələr Qəzzanın şimalına yardım çox az çatıb və aclıq tüğyan edir. Birləşmiş Millətlər Təşkilatı aclığın qaçılmaz olduğu barədə xəbərdarlıq edib.

Əvvəlcə İsrail rəsmiləri əsgərlərin atəş açdığını etiraf edərək, bunu yardım maşınlarına doğru tələsən insanların "təhlükə yaratdığını" düşündükləri üçün etdiklərini bildirib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü cümə axşamı sosial media platforması X-də yayımlanan video-bəyanatında deyib ki, əsgərlər insanları dağıtmaq üçün yalnız "bir neçə xəbərdarlıq atəşi" açıb.

"İsrail ordusu yardım karvanına heç bir zərbə endirilməyib" - deyən kontr-admiral Daniel Haqari, İsrail tanklarının 38 yük maşınından ibarət yük karvanının keçməsi üçün humanitar dəhlizin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələri ilkin olaraq "onlarla insanın yük maşınlarının altında qalma, tapdalanma və sıxışma nəticəsində öldüyünü və yaralandığını" bildirib. Haqari "minlərlə" Qəzzalının yardım karvanı ətrafında toplaşdığını deyərək, bunu bir daha təkrarlayıb.

Prezident Co Baydenlə ABŞ-Meksika sərhəddinə gedən Ağ Evin sözçüsü Olivia Dalton "Air Force One" təyyarəsində jurnalistlərə "Bu son hadisə hərtərəfli araşdırılmalıdır" deyib.

Ağ Ev bildirib ki, Bayden Misir prezidenti və Qətər əmiri ilə ayrı-ayrılıqda danışıb və onlar həm mülki ölümləri, həm də girov və atəşkəs danışıqlarının yekunlaşdırılmasının təcililiyini müzakirə edib.

Fransa prezidenti Emmanuel Makron X-də səhifəsində yazdığı paylaşımda hadisələrlə bağlı qəzəbləndiyini bildirib, həqiqətə, ədalətə və beynəlxalq hüquqa hörmətə çağırıb.

Avropa Birliyinin rəhbəri Ursula Von der Leyen "Qəzzadan gələn görüntülərdən çox narahat olduğunu" deyib və X səhifəsində baş verənləri araşdırmaq üçün hər cür səy göstərilməli olduğunu yazıb.

BMT-nin baş katibi Antonio Quterreş Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammitində iştirak etdiyi Sent Vinsent və Qrenadin adalarında jurnalistlərə verdiyi açıqlamada dəhşətə gəldiyini bildirib.

Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əlcəzairin tələbi ilə Ərəb blokunun 15 ölkədən ibarət şurasının bağlı qapılar arxasında iclasını keçirib.

 

Amerikanın Səsi