Qida Təhlükəsizliyi Agentliyi məhsulların keyfiyyətinin yoxlanmasına başlayır

İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi (QTA) prezidentin fərmanına uyğun olaraq tam fəaliyyətə keçir və ərzaq istehsalının bütün mərhələlərinə və istehlakçıların hüquqlarının müdafiəsinə nəzarət üzrə tədbirlərə başlayır. QTA rəhbəri Qoşqar Təhməzli bugünkü mətbuat konfrasında bildirib ki, yeyinti məhsulları istehsalı sahəsində təsərrüfat subyektlərinin monitorinqi nəzərdə tutulub.

Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq. Sonra bu subyektlər ərizələr və digər sənədlər təqdim olunduqdan sonra ASAN xidmətdə qeydiyyata alınacaqlar.

Bundan əlavə, ölkə ərazisində müəssisələrə verilən gigiyenik sertifikatları iyulun 1-dən ləğv edilir.

"Xaricdən daxil olan mallar, eləcə də yerli istehsallı məhsullar QTA-da qeydiyyatdan keçəcək və təhlükəsizlik sertifikatı alacaq. Bu, sözügedən sahədə beynəlxalq konvensiyaya uyğundur",- Q.Təhməzli bildirib.

Xatırladaq ki, QTA 2017-ci ilin fevralında yaradılıb. Qurum ərzaq məhsullarının təhlükəsizliyinin tənzimlənməsinin (sanitar normaların və qaydaların hazırlanması və təsdiqlənməsi), risklərin təhlili, gigiyenik sertifikatlaşdırma, xarici ölkələrə ixrac edilən məhsullara keyfiyyət sertifikatlarının verilməsinin təmin edilməsi ilə məşğul olur.

Qurumun formalaşdırılmasına və əməkdaşların qəbuluna, normativ sənədlərin və təlimatların hazırlanmasına bir ildən çox vaxt gedib. Bu müddətdə QTA-da kənd təsərrüfatı məhsulları sahəsində ekspertlər hazırlanıb. "Ərzaq məhsulları və yem təhlükəsizliyinə nəzarət sahəsində institusional potensialın möhkəmləndirilməsi" layihəsi çərçivəsində "Ərzaq zəncirinə nəzarət", "İddiaların idarə edilməsi", "Sertifikatlaşdırma və nəzarət", "Komunikasiya və informaiya texnologiyaları" mövzularında treninqlər keçirilib. Məşğələləri Avropa İttifaqının mütəxəssisləri keçiriblər.

Turan