Paşinyan: "Artsvaşeni geri almalıyıq"

Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi SSRİ dövründə Azərbaycan daxilində erməni anklavı olan Başkəndi geri almalıdır. 

O, noyabrın 8-də "Facebook" səhifəsində bir cümlə ilə qeyd edib: 

"Sərhədlərin delimitasiyası nəticəsində biz Artsvaşen [Başkənd - red.] və Ermənistan Respublikasının digər işğal olunmuş suveren ərazilərini geri qaytarmalıyıq." 

Baş nazir Başkənddən başqa hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Amma Ermənistan rəsmiləri dəfələrlə iddia edib ki, Azərbaycan ordusu 2021-ci ilin mayında ölkənin cənubunda sərhədi keçərək Ermənistan ərazisində 3 kilometr irəliləyib. 

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılıq etdiyi komissiyalar tərəfindən aparılır. Komissiyalar sonuncu dəfə sentyabrın 5-də sərhəddə bir araya gəliblər. 

Dövlət sərhədinin delimitasiyası üçün dövlət komissiyaları 2022-ci ildə yaradılıb. Əvvəlcə komissiyalar arasında vasitəçilik Moskva və Brüssel tərəfindən aparılsa da, sonradan komissiyalar vasitəçisiz görüşməyə başlayıblar. 

Ermənistan SSR-in Azərbaycan daxilində Gədəbəy rayonunda yerləşən Başkənd adlı bir anklav kəndi olub.

Azərbaycan SSR-in isə Ermənistan daxilində 4 anklavı olub. Bunlar Qazax rayonuna tabe Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvana tabe Kərki kəndləridir. 

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bu kəndlərin sərhədin delimitasiyası nəticəsində qaytarılacağını bildirib.