Ceyhun Nəbi azadlıqdadır

Oktyabrın 23-də oğurlanan Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbi azadlıqdadır. Bu barədə Facebook-da fəallar xəbər paylaşıb.

Rusiyadan Şəmkirə gələn fəal elə orada saxlanılmışdı. Fəalın atası Sabir Nəbiyev bildirib ki, C.Nəbinin saxlandığını ehtimal etdikləri DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib. Lakin orada hər hansı informasiya verilməyib.

Doğmaları DİN-in “102” qaynar xəttinə də müraciət ediblər, ancaq cavab almayıblar. Onlar vəkil tutmaq qərarına gəliblər, həmçinin ombudsmana və Daxili İşlər Nazirliyinə müraciət ediblər.

C.Nəbi 3 ay Rusiyada qaldıqdan sonra oktyabrın 23-də yaşadığı Şəmkir rayonuna gəlib. Bir neçə saatdan sonra dostları ilə görüşmək üçün evdən çıxıb. Sonradan dostları bildiriblər ki, C.Nəbini saxlayıblar.

C.Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən “Sovetlərlə üz-üzə” kitabının müəllifidir. Həmçinin Facebook-da Azərbaycan hakimiyyətini kəskin tənqid edir.