KXCP fəalının yeri bilinmir

"Hələ ki, Ceyhunun harada saxlanması ilə bağlı bir xəbər yoxdur".
 
Bunu Azadlıq Radiosuna "Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi"nin rəhbəri, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Ceyhun Nəbinin atası Sərdar Nəbiyev bildirib.
 
S.Nəbiyev hələ oktyabrın 24-də bildirmişdi ki, Rusiyadan Azərbaycana yenicə qayıdan oğlu C.Nəbi oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda saxlanaraq Bakıya gətirilib. Amma polisdən oğlunun harada saxlandığını öyrənə bilməyib. Onun sözlərinə görə, oktyabrın 25-də C.Nəbinin saxlandığı yer kimi ehtimal edilən Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gediblər.
 
"Amma burada hər hansı informasiya vermədilər. Onu da deyim ki, Ceyhunun saxlanması ilə bağlı DİN-in "102" qaynar-xəttinə də xəbər vermişik, hələ də cavab yoxdur",-deyə S.Nəbiyev bildirib.
 
S.Nəbiyev vurğulayıb ki, C.Nəbidən ötrü vəkil tutmaq qərarına gəliblər. Bundan əlavə, oğlunun saxlanması ilə bağlı Ombudsman Aparatına və Daxili İşlər Nazirliyinə rəsmi müraciət hazırlayırlar.
 
Bütün bu deyilənlərə, hələlik, DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
 
C.Nəbi Cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən "Sovetlərlə üz-üzə" kitabının müəllifidir.
 
Son illər Azərbaycanda bir çox fəallar həbs edilərkən onların yerini öyrənmək bir neçə gün mümkün olmur. Hüquq-mühafizə orqanları saxlanan şəxsin vəkili və yaxınlarına yalnız bir neçə gündən sonra məlumat verirlər.
 
Rəsmi qurumlar bu halın qanunsuz olması ilə bağlı hüquqşünasların konkret tənqidlərinə münasibət bildirmirlər. Onlar ümumilikdə, bir qayda olaraq, ölkədə bütün azadlıqlara hörmət edildiyini bəyan edirlər.