Portuqaliyada polis və etirazçılar arasında toqquşma olub, 13 nəfər saxlanılıb

Bu gün Portuqaliyada çevik polis qüvvələri Lissabon və Portuda mənzil problemi ilə bağlı etirazçıların qurduğu çadır düşərgələrini sökməyə başlayıb.

13 nəfəri saxlanılıb, toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb.

Saat 04:30 radələrində onlarla polis əməkdaşının Lissabonun Rossio meydanında yerləşən çadır düşərgəsinə və Portunun Dom Joao I meydanındakı daha kiçik düşərgəyə daxil olması ilə qısa müddətdə toqquşmalar başlayıb. Etirazçılar “Diktatura iyi gəlir!” şüarları səsləndiriblər. Polis çadırları sökməyə çalışan əməkdaşlara bəzi nümayişçilərin butulka və boya atdığını bildirib.

Polisin açıqlamasında qeyd olunub ki, dağılışmaq barədə əmrlərə tabe olmadıqları üçün Lissabonda altı, Portuda isə yeddi nəfər saxlanılıb. Hadisə zamanı 13 polis əməkdaşının xəsarət aldığı, onlardan səkkizinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Portuda polis əməkdaşları etirazçıları müşahidə edən mülki geyimli üç əməkdaşın bir qrup tərəfindən tanındıqdan sonra hücuma məruz qaldığını açıqlayıb.

Polisin məlumatına görə, əməkdaşlardan biri çəkindirici tədbir kimi xidməti silahını nümayiş etdirib.

Açıqlamada əməliyyat zamanı mülki şəxslər arasında da xəsarət alanların olduğuğu qeyd edilib. Əməliyyatın “qətiyyətlə, təmkinlə və vətəndaşların hüquqlarına hörmətlə” həyata keçirildiyi qeyd olunub.

“Acampada Lisboa” fəal qrupu 30-dan çox etirazçının xəsarət aldığını, onlardan 10-nun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarandığını bildirib. Qrup polis əməliyyatına etiraz olaraq bazar günü günortadan sonra paytaxtda yeni aksiya keçiriləcəyini elan edib.

“Bizim səsimizi susdura bilməyəcəklər”, – deyə qrup sosial şəbəkələrdə yaydığı bəyanatda bildirib. Bəyanata etirazçıların bədənlərində göyərmələr və polis zorakılığı nəticəsində yarandıqları iddia edilən xəsarətləri əks etdirən fotolar da əlavə olunub.

Bəzi etirazçılar Portuqaliyada 1974-cü il inqilabının rəmzi olan qırmızı qərənfillər daşıyıblar. Bu, təxminən yarım əsrlik diktaturaya son qoyan, hərbçilərin rəhbərlik etdiyi dinc üsyana işarə idi.

Polis Lissabonda 69, Portuda isə 30 çadırın götürüldüyünü bildirib.

Çadır düşərgələri mənzil qiymətlərinin kəskin artmasına qarşı iki şəhərdə keçirilən dinc yürüşlərdən sonra şənbə günü axşam qurulmuşdu.