İtaliyanın 50 şəhərində Fələstinə dəstək nümayişləri keçirilib

Avropanın mərkəzindəki küçələr bir daha Fələstin şüarları ilə sarsılıb. Yağışlı havaya baxmayaraq, minlərlə nümayişçi hökumətlərin susqunluğuna etiraz etmək üçün meydanlara axışıb; eyni zamanda, paytaxt Romadan tutmuş Milan, Neapol və Turinə qədər bir çox şəhərdə gündəlik həyat iflic olub. Avropanın mövqeyinə qarşı yaranan çaşqınlıq və artan qəzəb fonunda fəallar artıq 30 oktyabrda ümumi tətil keçirilməsi çağırışı ediblər.

Tələbələr, müxtəlif həmkarlar ittifaqları və Fələstinə dəstək verən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən ölkənin təxminən 50 şəhərində yürüşlər təşkil edilib.

Paytaxt Romanın simvolik məkanlarından biri olan Kolizeyin qarşısında toplaşan böyük bir kütlə, güclü yağışa baxmayaraq axşama qədər yürüş edərək Sapienza Universitetinə çatıb. Yürüş zamanı "Roma kimin tərəfində olduğunu bilir", "Çaydan dənizə qədər azad Fələstin", "Qatil İsrail" və "İsrailin soyqırımını dayandırın" kimi şüarlar səsləndirilib. Nümayişçilər üzərində "Soyqırımın sonu sionizmin sonu deməkdir" yazılmış nəhəng plakatlar daşıyırıblar.

Etirazların digər əsas mövzusu İtaliya parlamentində müzakirə olunan və "DDL 1004" kimi tanınan mübahisəli qanun layihəsi olub.

Fəallar, İsrailin siyasətinə yönəlmiş tənqidlərin qarşısını almağı hədəflədiyini əsas gətirərək, ictimaiyyətdə "antisemitizm haqqında qanun layihəsi" kimi tanınan bu tədbirə kəskin etirazlarını bildiriblər. Yürüşün sonunda nümayişçilər cəmiyyətin bütün təbəqələrini oktyabrın 30-na təyin edilmiş ümumi tətilə qoşulmağa çağırıblar.

 

Turində toqquşmalar, Neapolda Qreta Tunberq sürprizi

Ölkənin ikinci böyük şəhəri olan Milanda minlərlə insan "Soyqırıma, müharibəyə, sionizmə və hər cür şərikliyə qarşıyıq" yazılmış plakatın arxasında yürüş edib.

Eyni zamanda, şimaldakı Turin şəhərində Fələstin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında arabir gərginlik və toqquşmaların baş verdiyi bildirilib. Bununla yanaşı, dünyaca məşhur isveçli fəal Qreta Tunberqin cənubdakı Neapol şəhərində keçirilən yürüşə qoşulduğu məlum olub.