Siyasi məhbus Nahid Qəhrəmanlı haqqında Qaradağ Rayon Məhkəməsinin qərarı cavabsız qalıb. Bu barədə onun ailəsi məlumat verib:
“Cinayət Məcəlləsinin 511-ci maddəsində məhkum xəstədirsə, cəza çəkə bilmirsə, məhkumluqdan azad edilmə hüququ var. Nahid də səhəttindəki çox ciddi problemlərə görə, bir vətəndaş olaraq qanuni haqqını tələb edir. O, xəstəlikləri ilə bağlı cəzasının qalan hissəsindən azad edilməsi üçün məhkəməyə müraciət edib. 31.03 2026 il tarixində Qaradağ Rayon Məhkəməsində hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi ilə müraciətə baxılıb. Məhkəmə qərarında deyilir ki, məhbus Nahid Qəhrəmanlının xəstəliklərinin "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklər”in siyahısında olub olmadığını müəyyən etmək üçün onun tibbi şəhadətəndirilməsi həyata keçirilsin. Tibbi şəhadətləndirilmənin həyata keçirilməsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Xususi Ekspert Komissiyasına həvalə edilsin.
Lakin Tibb Baş İdarəsi Qaradağ Məhkəməsinin bir aydan çoxdur çıxartdığı qərarı icra etmir.”
Nahid Qəhrəmanlı bildirib ki, məsələ ilə bağlı saxlanıldığı 8 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkiminə dəfələrlə müraciət edib:
“Əsəb və qan damar xəstəliyi ilə əlaqədar Qaradağ Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə də qərara aldı, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə həvalə etdi ki, bunu həyata keçirsin. Bir aydır bu qərara çıxıb. Bir aydır ki, bu qərarı icra etmirlər. Məni müayinə üçün aparmalıdırlar Pentensiar Xidmətin Müalicə Müəssisəsinə. Baş həkim deyir ki, Tibb Baş İdarəsində Xüsusi Ekspertiza Komisisyasının iclası keçirilməlidir və qərarları olmalıdır. Lakin bu iclas keçirilmir. Mən bu qədər ağır xəstəliklərimlə oturub aylarla bu iclası gözləmək məcburiyyətindəyəm. Niyə?.”
Bakı sakini Qəhrəmanlı Nahid Nəsib oğlu 3 -cü siyasi məhbusluğunu yaşayır.
Belə ki, Nahid Qəhrəmanov (Qəhrəmanlı) 2012-ci il oktyabrın 5-də Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında iştirak etdiyinə görə həbs edilib və 21 oktyabr 2013-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Nahid Qəhrəmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, aksiyada iştirakda və digər ittihamlarda günahlandırılıb.
Nahid Qəhrəmanlı ikinci dəfə 2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələri ilə əlaqədar saxlanılıb.
2017-ci ilin 28 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Nahid Qəhrəmanov 13 il müddətinə azadlıqdan məhrum edilib.
O, 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb.
Nardaran işi ilə bağlı həbs edilən dindarlar ümumilikdə 28 maddə ilə ittiham ediliblər.
Nahid Qəhrəmanlının 3-cü siyasi məhbusluğu 2023-cü ildə baş tutub. O, 9 mart 2023-cü il tarixində, YAP hökumətinin Azərbaycanda şiə dindarların narkotik ittihamı ilə şərləyib həbs edilməsi layihəsi çərçivəsində şərlənərək həbs edilib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi- külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələrin istehsalı, alqı -satqısı ilə ittiham edilib.
2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nahid Qəhrəmanlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Pentensiar Xidmətin Qaradağ rayonu Buta kəndində yerləşən 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Siyasi məhbusun məhkəmə qərarı icra olunmur