Dəməşqdə sui-qəsd: Seyyidə Zeynəb (s.ə.) hərəminin vaizi əl-Mənsur şəhid edilib

 

Suriya Şiə Alimləri Şurasının üzvü və Seyyidə Zeynəb (s.ə.) ziyarətgahının vaizi Seyyid Fərhan Həsən əl-Mənsur, maşınına qumbara atılması nəticəsində ağır yaralandıqdan sonra Dəməşqdə, xəstəxanada şəhid olub.

Seyyidə Zeynəb (s.ə.)bölgəsində baş verən qumbaraatan hücumu bölgədəki təhlükəsizlik balansını sarsıdıb və şiə icmasının ən nüfuzlu şəxslərindən birinin itkisi geniş əks-səda doğurub.

Suriya İnsan Hüquqları Təşkilatının paylaşdığı məlumata görə, sui-qəsd əl-Mənsur Seyyidə Zeynəb (s.ə.) ziyarətgahındakı vəzifəsindən çıxarkən baş verib.

Naməlum şəxs və ya şəxslər "Səfir əz-Zəhra" otelinin yaxınlığında vaizin maşınına qumbara atıblar.

Şiddətli partlayışdan sonra ağır yaralanan Seyyid Fərhan Həsən əl-Mənsur dərhal yaxınlıqdakılar tərəfindən ərazidəki əl-Kövsər Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə uğursuz olub.

Xəstəxanaya çatanda vəziyyəti ağır olan Əl-Mənsuru tibb qrupunun bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb və o, şəhid olub.

Suriya hakimiyyəti sui-qəsddən sonra ərazidə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb və cinayətkarları tutmaq üçün genişmiqyaslı araşdırma başlayıb.

Bölgədə artan zorakılıq və təhlükəsizlik gərginliyi hakimiyyət orqanları və yerli əhali arasında dərin narahatlıq doğurur.

Suiqəstə uğrayan Əl-Mənsur Suriyadakı şiə icması daxilində təkcə din alimi kimi deyil, həm də icmaya rəhbərlik etməkdə və dini işlərin idarə olunmasında mühüm rol oynayan əsas fikir lideri kimi tanınırdı.

Seyyidə Zeynəb (s.ə.) ziyarətgahında xütbələri ilə geniş auditoriya qarşısında çıxış edən Əl-Mənsur, Şiə Alimləri Şurasındakı fəaliyyəti ilə məzhəbin strateji simalarından biri hesab olunurdu.