Jurnalistlər məhkəmədə “Azadlıq mətbuatın şah damarıdır” şüarı səsləndiriblər

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlər 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar aksiya keçiriblər.

Jurnalistlər Aysel Umudova, Xəyalə Ağayeva, Aytac Tapdıq, Ülviyyə Əli və Fatimə Mövlamlı stulların üzərinə çıxaraq “Azadlıq mətbuatın şah damarıdır”, “Sözə qandal vurulmur”, “Jurnalistika cinayət deyil” və “Meydanda da yan-yana, zindanda da yan-yana” deyərək şüarlar səsləndiriblər.

Jurnalist Ülviyyə Əli isə çıxış edərək mayın 1-inin Beynəlxalq Əmək Günü olduğunu xatırladıb. 

"Bu gün işçilərin əməyini ölkədə ən dəyərsiz səviyyəyə salanların deyil, istismarı işıqlandıranların məhkəməsidir. Mən də hazırda, təxminən məndən 10 il öncə elə bu ərəfələrdə dostum Bayram Məmmədovun dayandığı kürsüdən məhkəməyə çıxış edirəm. Sabah, yəni 2 may onun anım günüdür, sıralarımızdan vaxtsız ayrılmasından beş il keçir. Müstəqil jurnalistlərin azadlıqda görə bilmədiyi 3 may - Mətbuat Azadlığı Günüdür. Həmin gündə müstəqil jurnalistləri saxta ittihamlarla həbsə atan adamların “ölkədə mətbuat azaddır” deyəndə, gülüş hədəfinə çevrildiyi məmləkətdən həyəcan təbili çalıram", - jurnalist bildirib.

Həbsdə olan jurnalistlərin bəzilərinin vəkilləri məhkəməyə gecikdiyi üçün proses təxirə salınıb. Onlar bunun üçün vaxt istəsə də, hakim razı olmayıb.

Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.