“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və başqa siyasi fiqurları hədəf alan videosüjet yayımladı.

Videoda sözügedən şəxslərin əlbir olaraq Azərbaycanda dövlət çevrilişinə cəhd etdiyi bildirilir və buna sübut olduğu iddia olunan görüntülər və səs yazıları nümayiş etdirilir. 

İddialardan biri belədir ki, ittiham olunan şəxslər xarici xüsusi xidmət orqanlarından Azərbaycanın müxtəlif bölgələrində insanları dövlət çevrilişinə cəlb etmək üçün 933 min 828 manat 40 qəpik məbləğində pul vəsaiti alıblar. 

Bu iddiaya sübut kimi içərisində Rusiyanın “Sberbank” şirkətinin adı yazılmış, müxtəlif şəxslərin adları və pasport nömrələri əks olunmuş qalın kitab göstərilib. Kitabın həqiqiliyi və nə dərəcədə hüquqi qüvvə daşıdığı barədə əlavə məlumat verilmir. 

Növbəti görüntüdə AXCP sədrinin müavini, xaricdə yaşayan Fuad Qəhrəmanlının qapalı məkanda bir nəfərdən zərf aldığı göstərilir. Zərfi kimin verdiyi və içində nə olduğu açıqlanmır. 

F.Qəhrəmanlı öz sosial media hesabında açıqlama verərək bildirib ki, 2000-ci illərin sonlarında o zaman səhhəti ilə əlaqədar Türkiyədə müalicə alan AXCP funksioneri Həsən Kərimova pul vermək istəyən bir şəxslə görüşüb. 

“O da görüşdə xahiş etdi ki, pulu Türkiyədə müalicəsi üçün Həsən Kərimova çatdırım. İndi onu da gizlicə çəkib yayıblar. Mən də görüşdən sonra o pulu necə var aparıb Həsən bəyə təqdim etmişəm və o adamın onun haqqında yüksək fikirlərini və salamlarını da çatdırmışam. Həsən bəy də o pulla Türkiyəyə müalicəyə getdi. Sonra da o adamın istəyi ilə onunla bir neçə dəfə görüşmüşük və mənə üst-üstə iki dəfə iki min dollar pul verib. Bununla, o adam mənə yardım etdiyini deyib, indi bəlli olur ki, əslində bunlar çəkiliş üçün imiş”, - o qeyd edib. 

Digər iddia isə bundan ibarətdir ki, Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv edəcəyini vəd edib. Bununla bağlı sübut kimi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin səs yazısı nümayiş etdirilib. O, səs yazısında xarici xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim olunan şəxsə Azərbaycan dilində deyir ki, Ə.Kərimli və Milli Şura hakimiyyətə gəldikdə Azərbaycanın xarici siyasətində heç nə dəyişməyəcək və ölkə KTMT-yə də qoşula bilər. 

Q.Zahid “BBC Azərbaycanca”ya açıqlamasında xarici xüsusi xidmət orqanı ilə təmasda olması iddiasını “ağ yalan” adlandırıb, səs yazısının isə montaj edildiyini deyib. Onun sözlərinə görə, səs yazısının qeydə alındığı söhbət 5-6 il öncə Avropada yaşayan azərbaycanlı mühacirlərdən biri ilə baş tutub. 

DTX həm də iddia edir ki, Ə.Kərimli 2020-ci ilin iyulunda Bakıda minlərlə insanın müharibəyə çağırış etməsi fonunda tərəfdarlarına Milli Məclis və “AzTV”-nin binalarının ələ keçirilməsini tapşırıb. Bunun üçün sübut kimi təqdim olunan görüntüdə isə F.Qəhrəmanlının məhz bu iddianı dilə gətirdiyi eşidilir. 

F.Qəhrəmanlı açıqlamasında bu barədə bildirib ki, o, həmin vaxt saxlanılarkən polis tərəfindən işgəncəyə və zorlanma təhdidinə məruz qalıb. 

“İri kağızda yazılan mətni bir nəfər kənarda tutub oxumağımı istədi. Mən də zorlanma təhdidi altında və vurulan iynələrin təsiri ilə o zaman məzmununu anlamadığım və məzmununu sonradan xatırlamadığım mətni oxudum. Sonrakı günlərdə müstəntiqə bildirdim ki, nə oxuduğumu bilmədiyim üçün məhkəmədə bu məsələni inkar edəcəyəm və mənə ağır işgəncə verildiyini deyəcəyəm. O da bir neçə gündən sonra gəlib dedi ki,  bu barədə “yuxarı”ya məruzə edib və məhkəməyə gedəcək istintaq materiallarında bu barədə heç nə olmayacaq. Dedi, bu ona görə lazım idi ki, biləsən ki, nə zaman istəsələr səni məhv edə bilərlər”, - o qeyd edib. 

DTX-nin videosunda daha sonra deyilir ki, R.Mehdiyev ötən ilin sentyabrında “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlıqlı sənəd hazırlayaraq əvvəlcə Ə.Kərimliyə, daha sonra xarici dövlətin rəhbərliyinə təqdim edib. 

Daha öncə hökumətyönlü mətbuatda R.Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Azərbaycanda hakimiyyət dəyişikliyi təklif etdiyi haqda xəbər tirajlanmışdı. Məktubda Azərbaycanda keçid hökuməti üçün 50 nəfərlik Dövlət Şurası qurulacağı qeyd olunurdu. 

AXCP üzvləri bildirmişdi ki, ötən il noyabrın 29-da Ə.Kərimli saxlanılarkən və evində axtarış aparılarkən sözügedən məktubun nüsxəsi DTX tərəfindən evə qoyulub. 

Videoda daha sonra R.Mehdiyev və xarici xüsusi xidmət orqanı əməkdaşı arasında baş tutduğu iddia olunan, rus dilində söhbətin səs yazısı təqdim olunur. Söhbətdə R.Mehdiyevin “Azərbaycanda dövlət idarəetməsində dəyişikliklər haqda təkliflər” adlı sənəd hazırladığı və kiməsə göndərmək istədiyi eşidilir, onu dinləyən qadın isə “bu sizin daxili işinizdir, öz aranızda həll edin” deyir. 

DTX qadının kimliyini açıqlamayıb, APA isə onun Rusiya Elmlər Akademiyasında çalışdığını yazıb. R.Mehdiyev də 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 

DTX növbəti görüntüdə R.Mehdiyevin evindən 17 milyon manatdan çox pulun tapıldığını iddia edir və qutularda yığılmış pul vəsaitlərini göstərir. Ötən ilin oktyabrında barəsində cinayət işi açılan və ev dustaqlığı qərarı verilən R.Mehdiyev haqqındakı iddialara indiyədək cavab verməyib. 

Ə.Kərimli fevralın 13-də ailə üzvlərinə telefon danışığında bildirib ki, iddialar "başdan-ayağa yalandır". 

"Mənim və digər şəxslərin guya dövlət çevrilişi ilə bağlı DTX adından yayılan və hökumət mediası tərəfindən tirajlanan, əslində isə "Real TV" və "Yeni Müsavat" səviyyəli qara PR materialından fərqlənməyən videosüjetləri hökumət televiziyalarından izlədim. Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan-ayağa yalandır. Mən bilirəm ki, Azərbaycan cəmiyyəti məni tanıyır, siyasi fəaliyyətimin şəffaflığını bilir və bu cəfəngiyata inanan deyil", - o deyib. 

Əli Kərimli dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər. 

Ə.Kərimli daha öncə də R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədən Azərbaycana deportasiya olunub. 

Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.