İctimai fəal Bəxtiyar Hacıyevin üç gündür saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”) salındığı və aclıq aksiyasına başladığı bildirilir. Bu barədə məlumatı onun qardaşı Vüqar Hacıyev yayıb.
Vüqar Hacıyev iddia edir ki, müəssisənin rəisi Fariz Əliyev Bəxtiyar Hacıyevi psixoloji təzyiq altında saxlayaraq “intihar həddinə çatdırıb”. Onun sözlərinə görə, noyabrın 23–24-də Ədliyyə Nazirliyinin qaynar xəttinə, Nazirliyin Mətbuat xidmətinin rəhbərinə, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbərinə və Ombudsman Aparatına müraciət etsə də, şikayətlərinə hər hansı müsbət reaksiya verilməyib.
Qardaşı vurğulayıb ki, Bəxtiyar Hacıyevin sağlamlığına görə məsuliyyəti 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyev daşıyır.
Noyabrın 18-də Ali Məhkəmə üç ilə yaxındır həbsdə olan ictimai fəalın kassasiya şikayətini təmin etməyərək rədd edib.
Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə saxlanılıb, 2025-ci ilin yanvarında isə barəsində qəti hökm çıxarılıb.
Hacıyev həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri üzrə də ittiham olunur.
O, bütün ittihamları rədd edir və həbsi siyasi fəaliyyətinə bağlayır. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu işi siyasi motivli hesab edir.
Bəxtiyar Hacıyevin üç gündür saxlandığı və cərimə kamerasına salındığı və aclıq aksiyasına başladığı bildirilir