İndoneziyanın ən böyük islam təşkilatında böhran: rəhbərin istefası tələb olunur

İndoneziyanın və dünyanın ən böyük islam təşkilatı hesab edilən Nahdatul Ulama (NU) rəhbəri Yəhya Xəlil Ştakuif ciddi tənqidlər və daxili təzyiqlərlə üzləşib. Səbəb isə onun avqust ayında təşkilatın daxili təlim tədbirinə İsraili açıq şəkildə dəstəkləyən amerikalı alim Piter Berkovitsi dəvət etməsi olub.

 “Reuters”un əldə etdiyi iclas protokoluna görə, NU-nun ali rəhbərliyi Ştakuifə üç gün ərzində istefa verməyi tapşırıb. Əks halda, o vəzifəsindən uzaqlaşdırılacaq. Təşkilat rəhbərliyi bildirib ki, mübahisəli dəvət və iddia edilən maliyyə idarəçiliyi pozuntuları istefa tələbinin əsas səbəblərindəndir.

 

Qalmaqala səbəb olan dəvət

NU rəsmisi Nacib Azka agentliyə açıqlamasında bildirib ki, qərarın mərkəzində Ştakuifin Berkovitsi tədbirə dəvət etməsi dayanır. Berkovits ABŞ hökumətində vəzifə tutmuş, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını açıq şəkildə müdafiə edən bir alim kimi tanınır.

Onun şəxsi saytında Qəzzadakı müharibəni müdafiə edən, İsrailə qarşı irəli sürülən “soyqırımı” ittihamlarını rədd edən çoxsaylı yazılar mövcuddur. Bu isə İndoneziyada, xüsusilə də Qəzzada baş verənləri sərt şəkildə qınayan NU üzvləri arasında ciddi narazılıq yaradıb.

Ştakuif isə açıqlamasında dəvətin “səhvən edildiyini” deyib və Berkovitsin fəaliyyətini kifayət qədər araşdırmadığını etiraf edib. O həmçinin İsrailin Qəzzada törətdiyi “vəhhşicəsinə soyqırımı”nı qınadığını da əlavə edib.

NU: “Sionist şəbəkələrlə əlaqəsi olan şəxsin dəvəti qəbuledilməzdir”

İclas protokolunda qeyd olunub ki, Berkovitsin “beynəlxalq sionist şəbəkələrlə əlaqədə olan şəxs kimi” tədbirə dəvəti təşkilatın prinsipləri ilə ziddiyyət təşkil edir. Bu addım NU daxilində güclü müqavimətə səbəb olub və rəhbərliyə qarşı etimadın sarsılmasına gətirib çıxarıb.

NU-nun təxminən 100 milyon üzvü var və təşkilat İndoneziyada dini və ictimai həyatın ən təsirli qurumlarından biri sayılır. Ona görə də təşkilat rəhbərliyində yaşanan bu gərginlik ölkədə geniş ictimai rezonans doğurub.

 

İndoneziyanın İsrail mövqeyi dəyişməz qalır

İndoneziya-dünyanın ən böyük müsəlman əhalisinə malik ölkə-2023-cü ildə müharibə başlayandan bəri İsrailin Qəzzadakı fəaliyyətlərini sərt şəkildə qınayıb və hər zaman Fələstin Dövlətinin yaradılmasını dəstəkləyib. Ölkə İsraillə rəsmi diplomatik münasibətləri də yoxdur.

NU rəhbərliyindəki bu qalmaqal da cəmiyyətdə İsrailə qarşı güclü sosial-siyasi həssaslığı bir daha gündəmə gətirib.